“Coursera” təhsil platforması $1 mlrd. dəyərində qiymətləndirilib
“Coursera” təhsil layihəsi yeni maliyyə raundunda 103 milyon dollar cəlb edib. Maliyyə raunduna SEEK Group rəhbərlik edib – Avstraliyada fəaliyyət göstərən və onlayn-rekrutinq ilə məşğul olan şirkət. Bu haqda layihənin icraçı direktoru olan Jeff Maggioncalda xəbər verib. Layihənin dəqiq qiyməti məlum deyil. Platformanın təxminən 1 milyard dollar dəyərində qiymətləndirilməsi ehtimal olunur, bu haqda mənbəyə istinadən TechCrunch yazır.
Fins.az Banker.az-a istinadən xəbər verir ki, “Coursera” – sizin üçün distant təhsil və hətta təhsil aldığınız universitetin diplomunu almaq imkanını yaradan xüsusi bir platformadır. Hal-hazırda bu platforma 3 200 müxtəlif kurs təklif edir, onun əməkdaşlıq etdiyi universitetlərə Prinston, Stenford və Yel daxildir. Şirkətin verdiyi məlumata görə, bu günə qədər xidmətdən 40 milyondan çox insan istifadə edib. “Biz çoxdan başa düşdük ki, düzgün yol – geniş variant çeşidinin təklif edilməsidir: ödənişsiz kurslardan tutmuş magistr, bakalavr dərəcələrinə qədər. Bu bizim portfoliomuzdur”, – deyə Maggioncalda qeyd edir.