04 Noyabr

Bu universitetində yeni mərkəz açıldı

Azərbaycan Universitetində təhsilin dünya təhsil sisteminə, xüsusən də Avropa təhsil məkanına inteqrasiyası, tədris prosesinin qabaqcıl təcrübədən faydalanmaqla təkmilləşdirilməsi məqsədilə bir sıra uğurlu layihələr həyata keçirilir. Bunlardan biri də “Azərbaycan universitetlərində öyrənmə və təlimin təkmilləşdirilməsi” layihəsi çərçivəsində yaradılmış Təlim – Tədris Mərkəzinin (Teaching and Learning Centre) fəaliyyətə başlamasıdır. Fins.az xəbər verir ki, universitetdən verilən məlumata görə, Təlim – Tədris Mərkəzi və mərkəzə bağlı elektron laboratoriyanın açılışına həsr olunan tədbirdə ali məktəbin rəhbərliyi və kollektivi iştirak edib. Tədbirdə iştirakçılara mərkəzin missiyası, məqsədləri, vəzifələri, fəaliyyət istiqamətləri və strukturu haqqında məlumat verilib. Qeyd olunub ki, mərkəzin missiyası Azərbaycan Universitetində təlim-tədris prosesinin keyfiyyətini yüksəltmək, innovativ və yeni təlim metodlarını tətbiq etmək, təlim və tədris prosesinin tədqiqata söykənməsini təmin etmək yolu ilə universitetin kadr və elmi potensialının artırılmasına müsbət töhfələr verməkdir. Mərkəz tərəfindən müəllim və tələbə heyəti üçün zəruri təlim və seminarlar, işə yeni başlayan müəllimlərin universitet həyatına adaptasiya olması, magistrant və doktorantlar üçün uğurlu elmi tədqiqat işinin təşkili və yerinə yetirilməsinin metodlarına həsr olunan seminar və kursların təşkili təmin ediləcək. Eyni zamanda, ECDL, PTE Academic kimi beynəlxalq sertifikat kurslarının və imtahanlarının keçirilməsinin təmin olunması da mərkəzin vəzifələri sırasındadır. Mərkəz bu tipli fəaliyyətlərin təşkili üçün “ağıllı” lövhə, elektron sənəd oxuyucu, proyektor, çap qurğusu, monoblok kompüter və notbuk kimi zəngin texniki avadanlıqla təchiz olunub.

© AzEdu