04 Noyabr

Bu Universitet əməkdaşlıq üçün memorandum imzaladı

Bakı Mühəndislik Universitetində Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun iştirakı ilə universitet əməkdaşları ilə Sumqayıt Kimya Sənaye Parkının nümayəndələri arasında görüş keçirilib.

BMu-dən Fins.az-a verilən məlumata görə, tədbirdə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov bildirib ki, ölkəmizdə prezident İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektoru sürətlə inkişaf edir, müasir texnologiya ilə təchiz olunmuş sənaye parklar salınır. Universitetlərdə qabaqcıl texnologiyalarla işləmək bacarığında olan kadr hazırlığının həyata keçirildiyini diqqətə çatdıran rektor, universitet-müəssisə əlaqələrinin qurulmasının vacibliyini vurğulayıb.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov elm-təhsil müəssisələri ilə istehsalat müəssisələri arasında əlaqələrin qurulmasının daim nazirliyin diqqət mərkəzində olduğunu qeyd edib. O bildirib ki, yeni salınan sənaye parklarının rəqabətliliyinin artırılması üçün elm adamlarının fikirləri vacibdir. BMU-nun da bu sahədə həm potensialı, həm də müəssisələrlə əlaqələr üzrə təcrübəsi var. Ona görə də bu əməkdaşlığın uğurlu olacağına inanırıq.

Sumqayıt Kimya Sənaye Parkının (SKSP) direktoru Nazim Talıbov rəhbərlik etdiyi sənaye parkının fəaliyyətindən danışıb. Bildirib ki, ölkəmizin ən böyük sənaye parkı olan SKSP-da 18 müəssisə var və onlardan 12-si tam fəaliyyət göstərir. Bütün müəssisələr ABŞ, Almaniya, Yaponiya kimi inkişaf etmiş ölkələrin müasir texnologiyaları ilə təchiz olunub.

Texnoloji avadanlıqların istifadəsi üçün xarici kadrların istehsalata cəlb olunması xərcləri artırdığını qeyd edən N.Talıbov universitetlərlə əlaqələrin qurulmasının kadr hazırlığı işinin həyata keçirilməsində böyük rol oynayacağını bildirib.

Daha sonra İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev, BMU-nun Mühəndislik fakültəsinin dekanı Afər Əlifov, Memarlıq və İnşaat kafedrasının müdiri Sabir Orucov və digər şəxslər çıxış edərək universitet-istehsalat müəssisələri arasındakı əlaqələrin fəaliyyət istiqamətlərindən və faydalarından danışıblar.

BMU-nun Müəssisələrlə Əlaqələr və Karyera departamentinin təşəbbüsü və təşkilatçılığı ilə təşkil edilən tədbirin sonunda tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumun məqsədi təhsilə və elmi-texniki inkişafa dəstək vermək, eləcə də sənaye sahəsində ixtisaslaşmış insan resurslarının formalaşdırılması və innovasiya texnologiyalarının sənayedə tətbiq edilməsi məqsədi ilə kadr hazırlığının həyata keçirilməsidir.

Tərəflər arasında əməkdaşlığın əsas sahələri universitet tələbələrinin tədqiqat-araşdırma, kurs və buraxılış işlərini, magistrantların dissertasiya mövzularını müəssisənin həyata keçirdiyi layihələrin məzmunu ilə əlaqələndirmək və informasiya sahəsində yardım etmək, eyni zamanda universitet tələbələrinin Sumqayıt Kimya Sənaye Parkında və ona üzv təşkilatlarda istehsalat təcrübəsinin keçirilməsinə dəstək vermək, universitetin müəllim heyətinin SKSP tərəfindən təşkil olunan təlim və seminarlarda iştirakını təmin etməkdir.