Bir müddət əvvəl respublikamızda həyat sığortası riyaziyyatına dair ilk kitab çapdan çıxmışdır. Kitab “Həyat sığortasının riyazi-demoqrafik əsasları” adlanır və “AVROPA” nəşriyyatında çap olunmuşdur. Kitabın müəllifi fizika-riyaziyyat elmləri namizədi Tofiq Rəhim oğlu Məmtiyevdir.
Müxbirimiz bu günlərdə T.R.Məmtiyev ilə görüşmüş, kitabın yazılmasının hansı zərurətdən irəli gəlməsi və əhəmiyyəti barədə onunla söhbətləşmişdir. Odur ki, müəllifin fikirlərini qısa şəkildə oxuculara təqdim edirik:
“Respublikamızda keçirilən aktuar kurslarda istifadə edilən ədəbiyyatların ingilis və rus dilində olması, həmçinin gələcəkdə respublikamızın ali məktəblərində aktuar riyaziyyat fənninin tədrisinin qurulması elmin bu sahəsinə, o cümlədən həyat sığortası riyaziyyatına dair milli dildə ədəbiyyatların yazılmasını zəruri etmişdir. Haqqında danışılan kitabın yazılması məhz bu səbəblərdən irəli gəlmişdir.
Kitab 10 fəsildən ibarət olmaqla, 528 səhifədir. Kitabda demoqrafiyanın tədqiqat obyekti, predmeti və metodundan, ümumilikdə demoqrafiyanın yaranması və inkişaf mərhələlərindən, o cümlədən Azərbaycanda demoqrafiyanın yaranması və inkişafından, ömür müddətinin ehtimal xarakteristikalarından, ölüm cədvəlinin qurulması barədə tarixi məlumatlardan, ölüm cədvəlinin qurulması və göstəricilərinin düzləndirilməsi metodlarından, həmçinin şəxslər toplusunda azalma modellərindən bəhs olunmuşdur.
Kitabın II-V və VII-X fəsillərində göstərilən mövzular aktuar təhsilin çox yaxşı inkişaf etmiş olduğu ölkələrin (məsələn, Amerika Birləşmiş Ştatları, Kanada, Böyük Britaniya və s.) universitetlərində gələcək aktuarilərin hazırlanması üçün tədris olunan əsas kurslardan birinin - “Life Contingencies” kursunun müvafiq mövzularına təxminən uyğundur. Kitabda həyat sığortasının riyazi-demoqrafik əsaslarına dair nəzəri materialla yanaşı çoxlu sayda misal həlli göstərilmişdir. Oxucuların müstəqil çalışması və öz biliklərini artırması üçün kitabın bəzi fəsillərinin sonunda çalışmalar verilmişdir. Kitabda göstərilən materialı mənimsəmək üçün oxucu riyazi analizin, ehtimal nəzəriyyəsinin və riyazi statistikanın əsaslarını bilməlidir.
Kitabdan ali məktəblərin müəllimləri, magistrləri və bakalavrları, doktorantlar, aktuarilər və demoqraflar istifadə edə bilərlər. Kitab Amerika Aktuarilər Cəmiyyətinin IV səviyyə imtahanına (“Models for Life Contingencies”) hazırlaşmaq istəyənlər üçün də faydalı ola bilər. Belə ki, kitabda göstərilən mövzular və çalışmalar yuxarıda qeyd olunan imtahana hazırlaşmaq üçün beynəlxalq təcrübədə çox geniş istifadə olunan kitablardakı (məsələn, Marcel B. Finan, A reading of the theory of life contingency models: A preparation for exam MLC. 2012. - 777 p.) müvafiq mövzulara və çalışmalara təxminən uyğundur.”
Kitabın müəllifi ilə söhbət zamanı o, çox mühüm bir məsələyə toxundu. Həmin məsələ respublikamızın ali məktəblərində aktuar riyaziyyat kursunun tədris olunmamasıdır. Göstərilən kursun tədrisinin qurulmasına və uğurla davam etdirilməsinə bir nümunə kimi müəllif Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsində mövcud olan təcrübəni göstərdi. Həmin təcrübə ilə bağlı T.R.Məmtiyevin söylədiklərini oxuculara təqdim edirik:
“Aktuar riyaziyyat kursunun tədris olunması üçün 1990-cı illərin əvvəllərində Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsində ehtimal nəzəriyyəsi kafedrası tərəfindən tədris proqramı hazırlanmışdır. Həmin dövrdə kafedranın bir qrup əməkdaşı riyazi metodların sığortada və maliyyədə yaranmış müxtəlif məsələlərin həll olunmasına tətbiq edilməsi ilə maraqlanırdılar. Sonradan onlar Amerika Birləşmiş Ştatları, Kanada, Böyük Britaniya və Fransanın peşəkar aktuari cəmiyyətlərinin dəstəyi ilə bu sahədə hazırlıq keçdilər (xarici universitetlərdə təhsil almaq və nəhəng sığorta və maliyyə şirkətlərində təcrübə keçmək də daxil olmaqla). Eyni zamanda həmin əməkdaşlar risk nəzəriyyəsi, maliyyə və investisiya riyaziyyatı, həyat sığortasında riyazi modellər, təkrarsığorta və aktuar riyaziyyatın digər bölmələri üzrə xüsusi kursları tədris etməyə başladılar.
Kafedranın tələbələrinin (ehtimal nəzəriyyəsi ixtisasını seçən tələbələrin) bir qismi 1990-cı illərin ortalarında aktuar riyaziyyatın müxtəlif bölmələri üzrə üzrə ilk kurs və diplom işlərini yerinə yetirdilər. Bütün bu işlərin davamı kimi 010131 şifrəli “aktuar-maliyyə analizi” ixtisası yarandı. Həmin ixtisas 1999-2000-ci tədris ilindən başlayaraq mexanika-riyaziyyat fakultəsindəki ixtisasların siyahısına rəsmən daxil edilmişdir və diplomda qeyd olunur.
Kafedra II kursu qurtaran və göstərilən ixtisasa yiyələnmək istəyən tələbələrdən hər il təxminən 25 nəfərlik qrup yaradır. Bu qrupun təhsil proqramına ehtimal nəzəriyyəsi və riyazi statistikanın tam kursu ilə yanaşı 13 məcburi xüsusi kursdan seçilmiş müəyyən kurslar da daxil edilir. Seçilmiş olan həmin məcburi kurslar riyazi metodların sığortada və maliyyədə yaranmış müxtəlif məsələlərin həll olunmasına tətbiq edilməsi barədə kifayət qədər tam baza təsəvvürləri yaradır. Seçilmiş olan əsas məcburi kurslar aşağıdakılardır:
-Aktuar riyaziyyat 1 (Həyat sığortasında aktuar riyaziyyat);
-Aktuar riyaziyyat 2 (Risk nəzəriyyəsi və təkrarsığorta);
-Aktuar riyaziyyat 3 (Müflisləşmə nəzəriyyəsi);
-Maliyyə riyaziyyatı 1 (Maliyyə alətləri və modellər);
-Maliyyə riyaziyyatı 2;
-Maliyyə riyaziyyatı 3 (Stoxastik hesablamalar);
-Maliyyə statistikası;
-İqtisadiyyatda riyazi modellər;
-Mülki hüquq və sığorta hüququ.
Tələbələrin seçiminə əsasən müəllimlər hər il bu kurslara əlavə olaraq maliyyə və investisiya riyaziyyatı, aktuar modellər və s. bir sıra xüsusi kursları da tədris edirlər. Tələbələrə sığortada və maliyyədə riyazi modellərin qurulması və analizi ilə bağlı çoxlu sayda kurs və diplom işlərinin mövzuları təklif edilir. Ən yaxşı diplom işləri müntəzəm olaraq peşəkar jurnallarda (məsələn, «Страховое дело» jurnalında) çap olunur və tələbələrin elmi işlərinin müsabiqəsində mükafatlandırılır. Kafedranın məzunları Rusiya Federasiyasının nəhəng sığorta, maliyyə və məsləhətçi şirkətlərində işləyirlər.”
Müəllif hesab edir ki, yuxarıda göstərilən təcrübədən respublikamızın ali məktəblərində aktuar riyaziyyat kursunun tədrisinin qurulması üçün istifadə etmək olar. Bundan əlavə, müəllifin fikrincə respublikamızda keçirilən aktuar kurslarda dərs deyən yerli müəllimlərin (aktuarilərin) də ali məktəb müəllimləri ilə yanaşı tədris prosesinə cəlb olunması məqsədəuyğundur. Çünki, aktuar kurslarda dərs deyən yerli müəllimlər artıq 10 ilə yaxındır ki, aktuar riyaziyyat kursunu tədris edirlər.
Nəhayət, müəllifin özü və əmək fəaliyyəti haqqında toplanılan məlumatları oxuculara təqdim edirk:
T.R.Məmtiyev 16 may 1966-cı il tarixdə Bərdə rayonunda doğulmuşdur. 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinə daxil olmuşdur. 1984-cü ildə I kursu qurtardıqdan sonra 2 il sovet ordusunda xidmət etmişdir. 1986-cı ildə ordudan qayıtdıqdan sonra təhsilini davam etdirmiş və 1990-cı ildə Bakı Dövlət Universitetini riyaziyyat ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
1990-91-ci illərdə Bakı Dövlət Universitetinin nəzdində Hesablama Mərkəzində mühəndis, 1991-93-cü illərdə isə Elm-İstehsalat Kompüterləşdirmə mərkəzi - “Kamran” Kiçik Müəssisəsində böyük mühəndis vəzifəsində işləmişdir.
1993-96-cı illərdə sığorta nəzarəti orqanında (Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarətində) işləməklə yanaşı, AzərbaycanElmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun dissertantı olmuşdur. 1996-cı ildə dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi adını almışdır.
T.R.Məmtiyev 23 il sığorta nəzarəti orqanında (1993-2001-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarətində, 2001-2016-cı illərdə isə Azərbaycan Respublikası Maliyyə Nazirliyində) işləmişdir. O, işlədiyi dövr ərzində iqtisadçı vəzifəsindən şöbə müdiri vəzifəsinədək yüksəlmişdir.
T.R.Məmtiyev Azərbaycanda dövlət sığorta nəzarəti sisteminin qurulmasında və inkişaf etdirilməsində çox böyük xidmətləri olan şəxslərdən biridir. Sığorta nəzarəti orqanının yaranmasının ilk illərindən başlayaraq sığortaçıların (təkrarsığortaçıların) maliyyə sabitliyi və ödəmə qabiliyyətliliyinin qiymətləndirilməsinə dair metodikaların, qaydaların, təlimatların və hesabat formalarının işlənib hazırlanmasında və təkmilləşdirilməsində T.R.Məmtiyevin çox böyük əməyi vardır. O, Azərbaycan Respublikası Maliyyə Nazirliyi sistemində səmərəli fəaliyyətinə və peşəkarlığına görə 9 aprel 2010-cu il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirinin Təşəkkürnaməsi ilə təltif edilmişdir.
T.R.Məmtiyev 2008-2012-ci illərdə Amerika Birləşmiş Ştatları, Kanada və Qazaxstandan dəvət olunmuş ekspertlər tərəfindən respublikamızda tədris edilmiş aktuar kurslarda iştirak etmiş və onları müvəffəqiyyətlə başa vuraraq müvafiq sertifikatlar almışdır. O, həm də pedaqoji fəaliyyətlə məşğul olmuşdir. Belə ki, T.R.Məmtiyev 2008-2015-ci illərdə aktuar kurslarda dərs deyərək, aktuarilərin hazırlanmasında yaxından iştirak etmişdir.
Hazırda T.R.Məmtiyev Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Büdcə siyasəti və makroiqtisadi təhlil şöbəsində baş məsləhətçi vəzifəsində işləyir. O, həm də Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin Elmi Şurasının üzvüdür.
Ailəlidir. İki övladı var.
Tofiq Rəhim oğlu Məmtiyev