04 Noyabr

Qabiliyyət imtahanı verəcək abituriyentlərin DİQQƏTİNƏ!

2018-ci il noyabrın 16-da Dövlət İmtahan Mərkəzində 2019/2020-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən "Teatr, kino və xoreoqrafiya sənəti" istiqaməti üzrə ali təhsil müəssisələrinin magistratura (69-cu proqram üzrə) səviyyəsinin ixtisaslaşmalarına və bakalavriat səviyyəsinin ixtisaslarına qəbul imtahanları ilə əlaqədar elmi-metodiki seminar keçirilmişdir.

Bu istiqamət üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsinin “aktyor sənəti (sahələr üzrə)”, "rejissorluq (sahələr üzrə)", "operator sənəti (sahələr üzrə)" ixtisaslaşmalarına, həmçinin bakalavriat səviyyəsinin "aktyor sənəti", "rejissorluq", "operator sənəti" ixtisaslarına qəbul üçün qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları və metodiki tövsiyələr haqqında müzakirələr aparmaq məqsədi ilə keçirilən tədbirdə Qabiliyyət imtahanları üzrə sektorun əməkdaşları, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professor-müəllim heyətinin nümayəndələri iştirak etmişlər.

Seminarda 2018/2019-cu tədris ili üçün keçirilmiş imtahanlarda “Teatr, kino və xoreoqrafiya sənəti” istiqaməti üzrə qəbulun nəticələri müzakirə edilmiş, qarşıya çıxan məsələlər barəsində təkliflər irəli sürülmüşdür.

İclasda ali təhsil müəssisələrinin magistratura səviyyəsinin “aktyor sənəti (sahələr üzrə)”, "rejissorluq (sahələr üzrə)", "operator sənəti (sahələr üzrə)" ixtisaslaşmaları (69-cu proqram) üzrə 2018/2019-cu tədris ilində qəbul edilmiş proqramlar müzakirə olunmuşdur. Həmin proqramlara bəzi redaktə xarakterli düzəliş və əlavələr edilmişdir. "Rejissorluq (sahələr üzrə)" ixtisaslaşmasının proqramı üçün təklif edilən düzəliş və əlavələr bu ixtisaslaşma üzrə magistr qəbulu aparılan digər ali təhsil müəssisələrinin də müzakirəsinə veriləcəkdir. Müzakirələr başa çatdıqdan sonra bu ixtisaslaşmalar üzrə proqramlar təsdiq edilərək “Magistr” jurnalının müvafiq sayında dərc ediləcəkdir.

Seminar iştirakçılarının nəzərinə çatdırılmışdır ki, 2019/2020-ci tədris ilində ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin V qrupu üzrə yeni təhsil proqramı (kurikulum) əsasında qəbul imtahanı (XI sinfi cari ildə bitirən abituriyentlər müsabiqədə buraxılış imtahanının nəticəsi əsasında iştirak edirlər) keçiriləcəkdir. Yeni qəbul modelinə uyğun olaraq "aktyor sənəti", "rejissorluq", "operator sənəti" ixtisasları üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən təklif edilən müsabiqə şərtləri seminar iştirakçılarına təqdim edilərək bu barədə müzakirələr aparılmışdır. Müzakirələr yekunlaşdıqdan və müsabiqə şərtləri təsdiq edildikdən sonra bu haqda məlumat DİM-in saytında yerləşdiriləcəkdir.

Seminarın gedişində həmçinin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin "aktyor sənəti", "rejissorluq", "operator sənəti" ixtisasları üzrə 2018/2019-cu tədris ilində qəbul edilmiş qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, metodiki tövsiyələr müzakirə olunmuş və bəzi düzəlişlər edilərək 2019/2020-ci tədris ili üçün qəbul edilmişdir.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin "aktyor sənəti", "rejissorluq", "operator sənəti" ixtisasları üzrə qabiliyyət imtahanlarının qəbul edilmiş proqramları, qiymətləndirmə meyarları və metodiki tövsiyələr təsdiq edildikdən sonra "Abituriyent" jurnalının xüsusi buraxılışı olan "Teatr, kino və xoreoqrafiya sənəti" adlı tədris metodiki vəsaitdə dərc ediləcəkdir.

©dim.gov.az