Qlobal Karyera İnstitutunun təşkilatçılığı, Amerikanın San-Dieqo Dövlət Universiteti, Avstraliyanın Dubay şəhərində fəaliyyət göstərən Vollonqonq Universiteti, Şimali Kipr Türk Respublikası Girnə Amerikan Universiteti, Türkiyənin Oxur-Yazar Dərnəyi, Odlar Yurdu Universiteti və Study in Azerbaijan şirkətinin dəstəyi ilə ölkəmizdə “Gələcəyin Təhsili: yeniliklərin tətbiqi və müasirlik” adlı beynəlxalq konfrans keçiriləcək.
Fins.az xəbər verir ki, 27 oktyabr 2018-ci ildə baş tutacaq konfransın açılışında Prezident Yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov, Qlobal Karyera İnstitutunun direktoru Orxan Həsənoğlu, Dövlət Pedaqoji Universitetinin prorektoru Eldar Aslanov, Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev, San-Dieqo Dövlət Universitetinin professoru Pietera Fraser, Vollonqonq Universitetinin prezidenti professor Məhəmməd Salam, Türkiyədə fəaliyyət göstərən Oxur-Yazar Dərnəyinin sədri, yazıçı və təhsil eksperti Sərxan Ərkmən, tanınmış İKT mütəxəssisi Onur Ünsalan və.s natiqlər mühazirə və təqdimatlar edəcəklər.
Odlar Yurdu Universitetində keçirilməsi nəzərdə tutulan konfransın əsas məqsədi ölkəmiz və dünyanın təhsil sektorunda baş verən yeniliklər, gələcəkdə təhsil sektorunda gözlənilən yeniliklər, müasir informasiya texnologiyalarının təhsildə tətbiqi, ümumdünyanı gözləyən yeni strategiyalardır.
Xaricdən konfransa qatılacaq olan qonaqlar ölkəmizdə fəaliyyət göstərən təhsil işçiləri ilə öz ideyalarını bölüşəcək, qarşılıqlı olaraq təcrübənin tətbiqi və öyrənilməsinə dair fikir mübadiləsi edəcəklər.
Konfrans zamanı Azərbaycanda son illərdə aparılan uğurlu təhsil strategiyası və bu sahədə həyata keçirilən islahatlar müzakirə olunacaq.
27 oktyabrda baş tutacaq tədbirdə ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrinin əməkdaşları, tələbələr, QHT nümayəndələri, KİV təmsilçiləri və təhsilə marağı olanlar iştrak edəcəklər.
Konfrans iştirakçılarına sonda beynəlxalq sertifikat veriləcək.
Konfrans ilə bağlı əlavə məlumat almaq və iştirak etmək arzusunda olanlar Qlobal Karyera İnstitutunun Azərbaycan nümayəndəliyi ilə əlaqə saxlaya bilərlər.