Azərbaycan reallığından danışsaq, təəssüf ki, kitab mağazaları kütləvi alıcı axını ilə heç də fəxr edə bilməz. Ən böyük endirim elan edildiyi zaman belə, MALL-lardakı izdihamı orada görmək mümkün deyil. Bəs kitabla geyim brendi ortaq olsa necə?
Bir neçə müddət öncə şəbəkədə bir kitaba rast gəldim. Sözün düzü kitab öz qeyri –adi forması ilə diqqətimi cəlb etdi. Kitab “ZARA” brendinin firma paketinin tam prototipi kimi görünürdü. Bakıda kitab mağazasına yollandıqda Kavadonqa Oşinin “Fenomen ZARA” kitabının əldə olub-olmadığını soruşdum. Mənim üçün çox təəccüblü bir cavab aldım: "Kitab satışda olub, indi bitib, növbəyə yazılın".
“Fenomen ZARA” kitabı Bershka, Massimo Dutti, PullBear və ZARA kimi brendlərin sahibi “İnditex Group” imperiyasının sahibi və təsisçisi Amansio Orteqanın bioqrafiyasını əks etdirir.
Kitabda Orteqanın uzun illər geyim dükanında sadə bir satıcı işlədiyi, lakin bir günün içində həyatını tam dəyişmək fikrinə düşdüyü qeyd edilib. Ardınca onun neçə milyardlıq imperiyaya necə sahiblik etməyə nail olması göstərilir.
Bəs “ZARA”nın müvəffəqiyyət sirri nədədir? Maraqlısı odur ki, brend reklama çox az pul xərcləyir. Bunun yerinə o Haute Couture butiklərinin yanında öz yeni mağazalarının açılışına investisiyalar yatırır. Hazırda bütün dünya üzrə “ZARA” mağazalarının ərazisi 64 futbol meydançasının sahəsinə bərabərdir.
“ZARA”nın fenomeni həmdə ondadır ki, podiumlardan modellərin analoqları “ZARA” dükanlarında onları nümayiş edən lüks markaların mağazalarından daha tez satışa çıxarılır. İnanılmazdı, lakin faktdır.
Onu da qeyd edim ki, kitab 2008-ci ildə işıq üzünü görüb. Bundan sonra 7 dəfə yenidən nəşr olunub. Və bütün ölkələrdə əsas bestseller hesab olunur. Bakıda “Alı və Nino” kitab mağazası şəbəkəsində siz bu bestselleri 26.70 manata əldə edə bilərsizin.