02 Noyabr

Azərbaycanda 33 yaşlı gənc professor oldu – İLK DƏFƏ

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının protokolu ilə Yusif Məmməd oğlu Babanlının professor elmi adı təsdiqlənib. Fins.az xəbər verir ki, Attestasiya Komissiyasının Rəyasət Heyətinin 12 iyul 2017-ci il tarixli iclasında diplom sahibinə təqdim edilib.

Ali Attestasiya Komissiyasının sədri Vəli Hüseynov, Rəyasət Heyətinin üzvlərindən akademik Xoşbəxt Yusifzadə, akademik Nizami Cəfərov Yusif Babanlını respublikada professor elmi adı alan ilk gənc olmağı münasibətilə təbrik etdilər. “Ən gənc professor”un dövlətin təhsil, idman, mədəni və ictimai-siyasi həyatında uğurlu rolunu, elmi-pedaqoji sahədə naliyyətlərini müsbət qiymətləndirərək ona uğurlar arzulayıblar.

Yusif Babanlı kimdir?

Babanlı Yusif Məmməd oğlu 1984-cü ildə Naxçıvan MR, Ordubad rayonunda ziyalı ailəsində anadan olub. 1999-2001-ci illərdə Ordubad rayonunda orta məktəbdə təhsil alıb, 2001-2005-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bakalavr, 2005-2008-ci illərdə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. İkinci təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə alıb.

Akademiyanın ictimai həyatında fəallığı ilə seçilən Babanlı 2001-ci ilin noyabr ayından Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə Həmkarlar Təşkilatının sədri olub.

2005-2008-ci illərdə Bədən Tərbiyəsi və İdman Akademiyası Tələbə Gənclər Təşkilatının sədri vəzifəsində işləyərkən Akademiyanın digər ali məktəblər arasında nüfuzunun artmasında uğurlu fəaliyyətləri olub. Respublikanın ictimai-siyasi həyatında vətənpərvər və dövlətə sadiq gənc kimi fəaliyyətə 2002-ci ilin sentyabr ayından Yeni Azərbaycan Partiyasına üzvlükdən başlayıb. YAP Respublika Gənclər Təşkilatı Şurasının üzvü və Nərimanov rayon YAP Gənclər Təşkilatının sədridir.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Bədən tərbiyəsi və idmanın nəzəriyyəsi və metodikası” kafedrasında baş müəllim, dosent və professor vəzifəsində çalışıb.

Doktorantura təhsilini 2011-2015-ci illərdə Təhsil Problemləri İnstitutunda almış və “İbtidai siniflərdə fiziki tərbiyənin texnologiyaları” adlı dissertasiyasını uğurla başa çatdıraraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin müdafiə şurasında müdafiə etmiş və Ali Attestasiya Komissiyasının qərarı ilə pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

2010-2016-ci illər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında prorektor vəzifəsində çalışıb, hazırda isə rektorun Tələbə gənclərlə iş üzrə müşaviri və Akademiyanın Həmkarlar İttifaqı Komitəsinin sədridir.

Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsinin rəyasət heyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının və Yazıçılar Birliyinin üzvüdür.

80 elmi məqalənin, 9 metodik vəsaitin, 6 dərs vəsaitin, 7 monoqrafiyanın müəllifi olan gənc professor Respublika və Beynəlxalq səviyyəli elmi-praktik konfranslarda yaxından iştirak etmiş və dövrü mətbuatda 100-ə yaxın məqaləsi dərc edilib.

Azərbaycan Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçib.

Ailəlidir. Bir övladı var.

[#gallery#]