Mənimlə evlənərsənmi? Bu suala müsbət cavab alandan sonra həyatınızın ən xoş, səs-küylü məqamı başlayır – toy hazırlıqları. Gəlin donunun seçilməsi, toy üzükləri və mərasimin ümumi təşkili.
Fins.az rəsmi nikahın neçəyə başa gələcəyini araşdırıb.
Azərbaycanda rəsmi nikahı üç məkanda bağlamaq olar: ASAN Xidmət, Vətəndaşlıq Vəziyyətləri Aktlarınin Qeydiyyat Şöbəsi (VVAQŞ) və Səadət Sarayı (Bakı Nikah Evi).
Nikah Evindən fərqli olaraq rayon qeydiyyat şöbələrində evlilikdən başqa, uşağın doğulması, insan ölümü, ad və soyadın dəyişdirilməsi, atalığın müəyyən edilməsi, eləcə də nikahın ləğv edilməsi kimi xidmətlər göstərilir. Əlbəttə ki, nikah bağlayan zaman burada da bayram ab-havası yaratmaq olar. Ancaq cütlüklər burada rastlaşacaqları mənfi auraya da hazır olmalıdırlar. Nikah mərasiminə gələnlər xüsusi ayrılan zala daxil olanadək dəhlizdə ölüm faktını qeyd etməyə gələn və cavanların əhvalına şərik olmayan insanlara rast gələ bilərlər.
Evlənmək neçəyədir?
Qeyd edək ki, VVAQŞ-də və ASAN Xidmət mərkəzlərində nikah bağlamaq – 5 manata başa gəlir. Bu dövlət rüsumudur və məhz bəy tərəfindən banka ödənilməlidir.
Lakin həmin məkanlarda nikahınızı daha təntənəli şəkildə qeyd etmək istəsəniz, 50 manat ödəməli olacaqsız. Bu qiymətə “ZAQS” işçiləri sizə şərbət üçün 6 bakal, şirniyyat masası, fon musiqisi, fotokamera ilə çəkiliş aparmaq imkanı yarada bilərlər. Masadakı təamları isə özünüz gətirməlisiz.
Bundan başqa, “ZAQS” nümayəndələri sizin nikahınızı kəsmək üçün toyunuzu qeyd etdiyiniz restorana, və ya digər məkana da gələ bilər. Şəhər içi məkanlara məmurun gəlişi 181 manat təşkil edəcək. Bakı ətrafına gəlmək yolun uzaqlığından asıllı olaraq daha 10-15 manatbaha olacaq. Qeydiyyat şöbəsinin işçisinin mərasiminizə saat 19.00-19.30 radələrində gəlməsi nəzərdə tutulub.
ASAN Xidmətin nikah məmuru da restorana gələ bilər. Bunun üçün regoinlara görə fərqli qiymətlər tətbiq edilir. Bakıda buna görə 170 manat, Sumqayıtda 100 manat rəsmi dövlət rüsumu ödəməli olacaqsız. Bərdədə bu məbləğ 100 manat, Gəncədə 120 manat, Sabirabadda isə 175 manatdır.
Bir sevgi əfsanəsi
Evlilik gününüzü Səadət Sarayında keçirmək bu özəl günə xüsusi zərafət qatacaq. Ən azından böyük sevgi etirafından yaranan binada nikah bağlamaqla qürurlana bilərsiz.
Sarayın əfsanəsi isə belədir: Məşhur milyonçu Murtuza Muxtarov öz həyat yoldaşı Liza xanımı çox sevirmiş, onu tez-tez özü ilə Avropaya səyahətə apararmış. Bir dəfə onlar Venesiyada gəzərkən olduqca yaraşıqlı və əzəmətli bir bina görürlər. "Belə binada yaşayanlar necə də xoşbəxtdirlər!" – deyə Liza xanım heyranlığını əri ilə bölüşür. Bu mənzərəni sakitcə seyr edən Murtuza bəy heç nə demir.
Bakıya döndükdən sonra milyonçu Venesiyaya adam göndərib həmin binanın dəqiq surətini əks etdirən çertyojları gətirdir. 1912-ci ildə binanın tikintisi başa çatır.
Bir gün Murtuza Muxtarov gəzinti adı ilə Liza xanımı faytona mindirib binanın qarşısına gətirir. Heyrətindən nə deyəcəyini bilməyən qadın, binanın qapısında qulluqçularının onları qarşıladığını görüncə və sarayın ona bağışlandığını eşidincə sevincinin həddi-hüdudu olmur.
Səadət Sarayının qiymətləri
Belə bir tarixi binada ailə həyatı qurmaq çox simvolikdir. Burada siz bir sıra variantda buna nail ola bilərsiniz. Öncə onu söyləyək ki, Səadət Sarayının adi otagında nikah kəsdirməyin dövlət rüsumu 6 manat təşkil edir. Yəni, mərasim xüsusi zövqlə bəzədilmiş zalda deyil, adi dovlət strukturunun qəbul otağında baş verəcək. Amma özünüzün fotoqrafını çağırıb zaldan heç də geri qalmayan dəhlizdə bəy-gəlin və onların qonaqları ilə yadigar üçün fotosessiya edə bilərsiz.
Məşhur nikah zalına gəlincə, bildirdilər ki, orada mərasim təşkil etmək yalnız bir şirkətə həvalə edilib. Cütlük, ya da onların yaxınları öncədən şirkətə yaxınlaşıb, təklif olunan hər hansı bir paketi əldə edə bilər. Ən sadə paket, yəni məhz o zalda nikahın kəsilməsi 260 manata başa gəlir. Bu məbləğə zalın 45 dəqiqəlik kirayəsi, musiqi fonu, konfetlər, foto və videoçəkiliş daxildir.
Cütlüyün öz fotooperatoru ilə gəlməsi əslində qadağandır. Lakin xüsusi xahişdən sonra buna da icazə verilir, lakin şirkətin təqdim etdiyi fotoçəkilişin pulu sizə qaytarılmır.
Əlavə xidmətlər də ala bilərsiz
Mərasimin daha təntənəli şəkildə keçməsi üçün şirkət bir çox ürəyəyatan əlavələr etməyə hazırdır. Məsələn, cütlüyün göyərçinləri uçurması 50 manata olacaq. Canlı musiqi müşayiəti (skripka ya saksofon) də 50 manatdır. Xüsusi xalçanın salınması həmçinin 50 manata başa gələcək. Gül ləçəklərinin 1 səbəti 15 manatdır. Qeyd edək ki, Sarayda ancaq 2 səbət istifadə edə bilərsiz.
Adi hava ilə doldurulmuş şarlar ilə otağın bəzədilməsi 20 manata başa gələcək. Bu paketin ümumi qiyməti 460 manatdır.
Yemək masaları da təşkil olunur
Bundan başqa, Sarayda yemək masası təşkil etmək olar. Qiyməti adambaşına 60 manat nəzərdə tutulub. Yüngül furşeti isə (şampan və şirniyyat, meyvə, meyvə şirəsi və su) adambaşı 19 manata təşkil edilir.
Fotosessiyadan qalan şəkilləri albomlara da yığmaq mümkündür. Panoramik 10 səhifəlik albomun qiyməti – 180 manat, 15 vərəqli xüsusi işləməli albomun qiyməti isə 350 manatdır.
Yaxtada nikaha girmək olar, amma...
Nikah mərasimini daha da orijinal tərzdə keçirmək üçün şirkət VİP-paketlər də təqdim edilir. Bu paketlər artıq bir neçə ildir ki, uğurla təqdim olunurdu. Lakin onlara olan tələbat bu il azalıb.
Bir zamanlar Bakıda populyar olan nikah sonrası yaxtada “party”lər təşkil olunurdu. Bu il Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin yaxtalara məhdudiyyət qoyması belə mərasimləri keçirməyə imkan vermir. Hazırda bu paket üçün yalnız 14 nəfərlik bir yaxta kirayələmək mümkündür. Lakin o, komfortuna görə əvvəlkilərdən geri qalır.
Paketin minimal qiyməti 1 500 manatdır. Bura yaxtanın 1 saatlıq istifadəsi, furşet masası (ləbləbi, meyvə, meyvə şirəsi və su) daxildir. Özünüzlə yemək gətirmək qadağandır, yalnız tort gətirə bilərsiniz. Hətta nikahın kəsilməsini Səadət Sarayında deyil, yaxtanın özündə də həyata keçirmək mümkündür: nümayəndənin özəl təbrik, üzük qabı və qələmlə gəlişi 250 manat təşkil edir. Foto və videoçəkiliş aparmağın qiyməti 400 manatdır, dj çıxışı 150-500 manat arasında dəyişilir.
Yaxtanın istədiyiniz tərzdə bəzədilməsi də görülən işin həcmindən asılı olaraq dəyişir. Ortalama qiymət (məsələn, gellə doldurulmuş balonlarla və tüllərlə bəzədilmə) 900 manat təşkil edəcək.
Nikah məmuru restorana da gələ bilər
Səadət Sarayının nümayəndəsinin restorana gəlişi şirkət tərəfindən də həyata keçirilir. Hətta müqavilə bağladıqları restoranlar belə var. Xidmətə nikah masası, qonaqlara simvolik hədiyyələr, bəylə gəlinə kiçik hədiyyə və 10 nəfərlik menyu (soyuq, isti qəlyanaltılar) daxildir. Xidmətin qiyməti 1 300 manatdır. Lakin zalı bağlamaq istəsəniz (buna görə qonaqlarınızın sayı 25 nəfərdən daha çox olmalıdır) qiymətlər menyuya daxil olan yeməklərdən asılı olaraq 1 700 manatdan başlayacaq.