Vergi Məcəlləsinə edilən son dəyişikliklərdən sonra sənədləşmə ilə bağlı kiçik sahibkarlıq subyektləri əlavə problemlərlə üzləşiblər. Xüsusilə sadələşdirilmiş vergi ödəyicilərindən bəzi əlavə sənədlər tələb olunur.
Fins.az xəbər verir ki, əvvəlllər hesab-fakura və təhvil-təslim aktı əsasında müvafiq köçürmələr həyata keçirilirdi. Vergi orqanlarının yeni tələbinə görə indi qaimə-faktura da təqdim edilməlidir. Həmin sənədin verilməsi şərtlərini öyrənmək üçün 195-3 çağrı xidmətinə zəng vuran sahibkarlar bu xidmətdən narazı qalırlar. Telefona cavab verilmir.
Belə ki, 195-in 1 düyməsi - yəni Vergilər Nazirliyi bu suala cavab vermək səlahiyyətinin Maliyyə Nazirliyinə aid olduğunu bildirir. Bunun üçün 195 -3 düyməsinə cavab verməli olan Maliyyə Nazirliyinin operatoru isə gün ərzində ancaq məşğul olduğunu göstərir. Xidmətin işləməməsinin səbəbi barədə məlumat verilmir.
Qeyd edək ki, 195 məlumat mərkəzinin Vergilər Mazirliyi üzrə xidməti də son vaxtlar əlçatan deyil. Burada xidmət səviyyəsi aşağı düşüb. Suala cavab almaq üçün ən azı yarım saat telefonda gözləmək lazımdır.