02 Noyabr

Qafqaz Universiteti bağlandı – RƏSMİ AÇIQLAMA

Təhsil Nazirliyi ləğv olunan Qafqaz Universitetinin tələbələrinin digər ali məktəblərə yerləşdirilməsini təşkil etmək məqsədilə işçi qrupunun yaradılması barədə qərar qəbul edib.

Nazirlikdən fins.az-a verilən xəbərə görə, bununla bağlı Universitetin rəhbərliyi TN-ə müraciət edib.

İşçi qrupuna Universitetdə təhsil alan tələbələrin ölkənin ən aparıcı ali məktəblərinə köçürülməsi ilə bağlı təkliflər hazırlayıb Nazirliyin rəhbərliyinə təqdim edilməsi və digər təşkilati tədbirlərin görülməsi tapşırılıb

"Tələbələrin ixtisasları, habelə tədris dili nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində qısa zamanda maneəsiz yerləşdirlməsi üçün lazımi şərait yaradılacaq, keyfiyyətli təhsil almaq hüquqları və təhsilləri ilə bağlı maliyyə şərtlərinin sabit qalacağı təmin olunacaq. Universitetin hazırkı tələbə kontingentinin malik olduğu bilik və akademik nailiyyətlərinin bundan sonra yüksələn istiqamətdə olması üçün bütün imkanlardan istifadə olunacaq".

Tələbələrdən Universitetdə fəaliyyət göstərən İşçi qrupla əlaqə saxlanılması xahiş olunur.

Xatırladaq ki, bu gün səhər Qafqaz Universitetinin rektoru Havar Məmmədov Universitetin adının dəyişdirilməyəcəyi və dövlət ali məktəbi kimi işini davam etdirəcəyi barədə açıqlama vermişdi.