02 Noyabr

Rusiyadan Azərbaycana “posılka” – QADAĞASI

Rusiyanın poçt xidmətləri Azərbaycana bağlama göndərməkdən imtina edir

Poçtlar bağlamaların Azərbaycan gömrüyündə açıldığını, daha sonra isə əksəriyyətinin geri qaytarıldığını əsas gətirərək, bu addımı atırlar. Bu səbəbdən bir neçə poçt xidməti Azərbaycana göndərilən bağlamalara cavabdehlik daşımadığını, bəziləri isə qeyri-rəsmi şəkildə imtina etdiklərini deyirlər/

Saytımıza Rusiyadan online məhsul sifariş etmiş şəxsə gələn elektron məktubun bir nüsxəsi göndərilib. Məktubda sifariş qəbul edən şirkətin əməkdaşı poçtların Azərbaycana bağlama göndərən şəxslərə xəbərdarlıq etdiyini yazıb. Bildirib ki, poçtda ona Azərbaycanın gömrük işçilərinin bağlamaları açdığı və geri qaytardığı deyilib. Bu səbəbdən də sifarişi göndərməyib.

Məsələ ilə bağlı "Azərpoçt”dan bildiriblər ki, gömrük işçilərinin bağlamaları açıb baxmaq kimi səlahiyyətləri var və bu, qanunla tənzimlənir: "Onların bağlamaya açıb baxmaq hüququ var. Bəlkə bomba göndəriblər? Əgər bağlamadakı gətirilməsi qadağan olunmayan bir məhsuldursa, o zaman heç bir problem yaşanmır və geri qaytarılmır. Bu gün Rusiyadan Azərbaycana bağlamalar gəlir”.

"Hansı məhsullar geri qaytarılır” sualına isə cavab belə olub: "Müəyyən bir siyahı var. Bu, tək Azərbaycanda deyil, hər bir ölkədə mövcuddur”.

Mənbə:Bakıpost