Təcrübə göstərir ki, bir sıra hallarda sahibkarlıq subyektlərinin iştirakı ilə yaranan mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasında problemlər yaranır. Bu problemlərə qərarların icra olunmaması, vaxtında icra olunmaması, tam icra olunmaması və s. daxildir. Əslində qərarların icrası sahəsində mövcud olan problemlər təkcə sahibkarlıq subyektlərini deyil, fəaliyyət növü və hüquqi vəziyyətindən asılı olmayaraq qərarların icrasının maraqlarına aid olduğu bütün subyektləri qayğılandırır. Qərarların icrası sahəsindəki problemlərin səbəblərinə gəlincə, burda müxtəlif amillərin rolunu qeyd etmək mümükündür. Şübhəsiz ki, başlıca səbəb qərarların icrası mexanizminin təkmil olmamasıdır. Bura məhkəmə icraçılarının səlahiyyətlərindən tutmuş məcburi icra tədbirlərinin yetərsizliyinə qədər məsələlər daxildir.
Bütün ölkələrdə məhkəmə qərarlarının, o cümlədən sahibkarlıq fəaliyyəti subyektlərinin tərəf olduğu işlər üzrə çıxarılan qərarların icrası hüquq tətbiqetmənin ən mühüm sahələrindən biri hesab olunur. Bu sahədə mövcud olan münasibətlər müxtəlif sahələr (mülki prosessual, inzibati, mülki, maliyyə və s.) üzrə hüquq normalarının məcmusu ilə tənzimlənir. Bununla bərabər, məhkəmə icraçılarının statusunu və səlahiyyət dairəsini müəyyən edən normativ aktlar, mülki prosesual qanunvericilik (icra icraatının həyata keçirilməsi qaydasını və icra hərəkətlərinin yerinə yetirilməsi üzrə ayrı-ayrı prosedurları tənzimlədiyi hissədə) və ya ayrıca qanunlar başlıca istiqamətlər hesab olunur. Ayrı-ayrı ölkələrdə qeyd olunan məsələlərin tənzimlənməsi əhəmiyyətli dərəcədə fərqlənir. Rusiyada, Qazaxstanda, Ukraynada məhkəmə icraçıları və icra haqqında ayrıca qanunlar qəbul edilib, prosessual məcəllələr isə məhkəmənin səlahiyyətinə aid olan məsələlərin tənzimlənməsini özündə əks etdirir. Latviya və Litvada icra xidmətlərinin fəaliyyət məsələləri ayrıca qanunlarla, icra qaydası isə mülki prosessual qanunvericiliklə tənzimlənir. Qeyd etmək lazımdır ki, vahid yanaşmaların olmamasına baxmayaraq, bütün ölkələr səmərəli icra icraaatının yaradılması üçün məhkəmə icraçılarının statusunu, onlar tərəfindən icra hərəkətlərinin həyata keçirilməsi qaydasını, icra icraatının aparılmasını bütövlükdə reqlamentləşdirir, icra icraatında məhkəmələrin və məhkəmə icraçılarının səlahiyyətlərini vahid qanunla deyil, normativ aktların sistemi ilə fərqləndirirlər.
Məhkəmə qərarlarının məcburi icrası ilə bağlı müxtəlif ölkələrin təcrübəsindən çıxış edərək, tədqiqatçılar məcburi icra sistemlərini dövlət (Almaniya, Balarus, Danimarka, İsrail, Rusiya, ABŞ, Finlandiya, İsveç), xüsusi (Macarstan, İtaliya, Latviya, Litva, Lüksenburq, Niderland, Polşa, Rumıniya, Slvakiya, Sloveniya, Estoniya) və qarışıq (Fransa, Belçika, Bolqarstan, Böyük Britaniya, Qazaxstan, Kanada) sistemlərə ayırırlar. Qeyd edək ki, dövlət sistemində məcburi icra orqanları bəzi ölkələrdə (Rusiya, ABŞ, Finlandiya) icra hakimiyyətinə, bəzilərində isə (Almaniya, İsrail) məhkəmə hakimiyyətinə aid edilir.
Beynəlxalq hüquqda məhkəmə icraçılarının statusuna bilavasitə aid olan məcburi normalar yoxdur, məhkəmə qərarlarının icrası prosesində icra hərəkətlərinin aparılması qaydası isə bütövlükdə milli qanunvericiliklə müəyyənləşdirilir. Xarici məhkəmə və arbitraj qəraralarının tanınması və icraya yönəldilməsi, məhkəmələrin müstəsna səlahiyyətinə aid olan məhkəmə tapşırıqlarının yerinə yetirilməsi məslələri istisna təşkil edir.
Azərbaycanda məhkəmə qərarlarının icrası 27 dekabr 2001-ci il tarixli “İcra haqqında” Qanuna əsasən həyata keçirilir. Bundan əlavə, 28 dekabr 1999-cu il tarixli “İcra məmurları” haqqında Qanun da mövcuddur ki, həmin Qanunda icra məmurlarının hüquq və vəzifələri, onların təminatı ilə bağlı müddəalar öz əksini tapmışdır.
Məhkəmə qərarlarının icrası sahəsində zəruri hüquqi baza mövcud olsa da, məhkəmə qərarlarının icrası ilə bağlı problemlər qalmaqdadır. Bu problemlər sahibkarlığın inkişafına mənfi təsir göstərən amillərdən biridir. Qeyd edək ki, məhkəmə qərarlarının icra olunmaması və ya lazımi qaydada icra olunmaması problemi təkcə qanunvericilikdən qaynaqlanan problem deyil. Hüquqi müəyyənlik baxımından qanunvericilikdə müəyyən problemlər olsa da, bu problem də “İcra haqqında” Qanunun yox, daha çox Mülki Prosessual Məcəllənin problemidir. Məsələn, iş icra şöbəsinin icraatında ola-ola cavabdeh tərəf prosessual müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət edib, apellyasiya şikayəti verə bilir. Hətta bir sıra hallarda birinci instansiya məhkəməsinin qərarından uzun müddət (məsələn, 1 il) keçməsinə və icra işinin yekunlaşmasına baxmayaraq, işdən apellyasiya şikayəti vermək mümkün olur. Nəzərə alaq ki, işə apellyasiya instansiyasında yenidən baxılması icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə qərarının ləğvinə səbəb ola bilər. “İcra haqqında” qanuna görə, icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə icraata xitam verilir. Bu, hüquqi müəyyənlik prinsipinə ziddir və təcrübədə sahibkarlıq subyektləri üçün ciddi problemlər yaradır.
Doğrudur, məhkəmə qərarlarının icrası ilə bağlı münasibətləri nizama salan “İcra haqqında” qanunun da bir sıra müddəaları qərarların icrası prosesinin uzanmasına və sahibkarlıq subyektlərinin qanuni mənafelərinin təmin olunmamasına səbəb olur. Lakin sahibkarlıq subyektlərinin tərəf olduqları mübahisələr üzrə məhkəmə qəraralarının səmərəliliyini aşağı salan və bilavasitə icra mərhələsi ilə bağlı olan digər amillərin də rolu böyükdür.
Məhkəmə qərarları, o cümlədən sahibkarlıq subyektlərinin tərəf olduğu mübahisələr üzrə qərarlar icra sənədləri sayılır. Lakin icra sənədləri təkcə məhkəmə qərarlarından ibarət deyil. Məhkəmə əmrləri, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlər, notariat orqanlarının icra qeydləri, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarları və s. də icra səndləri hesab edilir.
Qanunvericiliyin tələbinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir.Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir.
İcra məmuru icraata başlamaq haqqında qərarın surətini onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərir.Əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru borclunun əmlakını siyahıya alır və bu barədə icraata başlamaq haqqında qərarda müvafiq qeyd aparır.
“İcra haqqında” qanunun bir sıra müddəaları icra prosesinin yubanmasına hüquqi zəmin yaradır. Həmin müddəalar bir tərəfdən icra prosesində tərəflərin hüquqlarının daha yaxşı təmin olunmasına istiqamətlənibsə, digər tərəfdən icra prosesinin əsassız yubadılması üçün hüquqi əsas kimi çıxış edir. Məsələn, icra icraatı zamanı qəbul edilmiş qərarlardan şikayət prosedurları buna misal ola bilər. Qanunvericiliyə görə, tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Qanun bir sıra hallarda icra hərəkətlərinin təxirə salınmasına imkan verir. Belə ki, icra hərəkətlərinin həyata keçirilməsinə çətinlik yaradan hallar olduqda, icra məmuru tələbkarın və ya borclunun ərizəsinə əsasən icra hərəkətlərini 10 gündən çox olmayan müddətə təxirə sala bilər.İcra məmuru icra hərəkətlərinin təxirə salınması haqqında qərar qəbul edir. Tərəflər icra hərəkətlərinin təxirə salınması haqqında icra məmurunun qərarından onun surətini aldıqdan sonra 3 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.
“İcra haqqında” qanunda icraatın dayandırılmasının məcburiliyi və mümkün olduğu hallar da nəzərdə tutulub. Belə hallar, bəzən qərarların icrasının yubanmasına və hətta icra olunmamasına gətirib çıxarır ki, bu da sahibkarlıq subyektlərinin mənafelərinə cavab vermir.
Qanunda icra sənədinin qaytarılmasına əsas verən hallar da sadalanır. Təcrübədə sahibkarlıq subyektlərinin qəbul edilmiş məhkəmə qərarlarının icrası prosesində rast gəldikləri hallardan biri də budur. İcra edilmiş icra sənədi məhkəməyə və ya digər orqana qaytarılır. İcra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.
Azərbaycan qanunvericiliyi məhkəmə qərarlarının icrasının təmin edilməsi üçün məcburi icra tədbirlərini nəzərdə tutur. Lakin təcrübə göstərir ki, bu tədbirlər icranın səmərəliliyini təmin etməyə yetərli deyil. Xarici ölkələrin təcrübəsindən görünür ki, həmin ölkələrdə tətbiq olunan məcburi icra tədbirlərinin bir çoxu bizdə nəzərdə tutulmayıb.
Məcburi icra tədbirləri sırasında ən təsirli vasitələrdən biri tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsidir. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur.Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir.Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur (Qeyd edək ki, ABŞ-da tələbkar tələbin yönəldildiyi əmlakı müstəqil olaraq seçmək hüququna malikdir). Tələbin borclunun üçüncü şəxslərdə olan əmlakına yönəldilməsi, üçüncü şəxslərin mənzilinə daxil olma, orada baxış keçirmə, saxlama yerlərini açma və baxma məhkəmənin qərardadı əsasında həyata keçirilir.Borclunun üçüncü şəxslərdə olan əmlakına həbs qoyulması yalnız məhkəmənin qərardadı əsasında həyata keçirilir. Tələbin tam təmin edilməsi üçün borclunun başqa əmlakı kifayət etmədikdə, tələb girov qoyulmuş əmlaka yönəldilə bilər.
Göründüyü kimi, icra haqqında mövcud qanunvericilikdə məhkəmə qərarlarının səmərəliliyinin təmin edilməsi imkanlarını məhdudlaşdıran müəyyən normalar var. Lakin bütövlükdə icra sahəsində mövcud problemləri yalnız qanunvericiliklə əlaqələndirmək yanlışlıq olardı. Məhkəmə qərarlarının icrasının səmərəliliyinin təmin edilməsinə mane olan səbəblər sırasında tələbkarın öz hüquqları haqqında məlumatsızlığı, icra mərhələsində nümayəndəlik institutundan yetərincə istifadə olunmaması, borclunun hüquq mədəniyyəti səviyyəsinin aşağı olması, məcburi icra tədbirlərinin yetərsizliyi, qeyri-prosessual münasibətlərin mövcudluğu, icra qurumlarının müstəqil qərar vermək imkanlarının məhdudluğu, icra məmurlarının fəaliyyətinə səmərəli nəzarət mexanizmlərinin olmaması kimi amilləri də göstərmək olar.
Abil Bayramov, Hüquqşünas-ekspert