Azərbaycanın ən böyük sənaye-maliyyə qruplarından biri olan «Gilan Holdinq» informasiya məkanında xüsusi yer tutur. Holdinq və onun sahibləri barədə cəmiyyyətdə rəsmi məlumatlardan çox, şayiələr dolaşır. Bunların nə qədər həqiqətə uyğun olub-olmadığı bilinməsə də, bir faktdır ki, iqtisadiyyatın bir neçə sahəsini əhatə edən qrup özündə onlarla istehsal və xidmət müəssisəsini birləşdirir. Holdinqin müəssisələri ölkənin bütün ərazilərində yerləşsə də, istehsalın əsas mərkəzi Qəbələ rayonu sayılır.
Eləcə də bax: "Gilan"ın zavodunda "Pepsi" buraxılacaq
Mətbuatın diqqətini nəzərə alaraq, eləcə də şirkətin istehsal imkanlarını nümayiş etdirmək üçün «Gilan Holding» mətbuat nümayəndələri üçün Qəbələyə mediatur təşkil edib. Jurnalistlər holdinqin qida istehsalı mərkəzi sayılan «Gilan Qida Şəhərciyi» ilə ətraflı tanış olublar. Səfərdə iştirak edən fins.az əməkdaşı yerli istehsal və onun keyfiyyəti ilə yanaşı, holdinqin gələcək planları ilə də maraqlanıb.
«Gilan Qida Şəhərciyi»
Nə qədər qəribə olsa da, orta məktəb şagirdləri «Gilan Qida Şəhərciyi» barədə jurnalistlərdən çox məlumatlıdırlar. «Gilan Holding»in Marketinq Qrupunun Rəhbəri Müşviq Hüseynov deyir ki, «Gilan Qida Şəhərciyi»ndə şagird və tələbələr üçün tez-tez «Açıq Qapı» günləri təşkil edilir. Görünür, elə bunun nəticəsidir ki, holdinqin bəzi məhsullarını jurnalistlər ilk dəfə gördülər. Daha dəqiqi, həmin məşsulların xaricdə deyil, məhz «Gilan Holdinq»də istehsal edildiyi burada məlum oldu.
«Gilan Qida Şəhərciyi»nə bir neçə iri müəssisə – Kartof Emalı Fabriki, , Limonad fabriki və, Qəbələ Konserv zavodu və s. daxildir. Şəhərciyin əsası 2005-ci ildə qoyulub. «Gilan Holding»in İnformasiya texnologiyaları və makina mühəndisi Ramazan Seyidov jurnalistlərə bildirib ki, şəhərcikdə 2006-cı ildən meyvə suyu, 2014-cü ildən isə limonad və çipsi istehsalı fabrikləri işə başlayıb: «Hal-hazırda hər üç zavodda 850 nəfər işçi çalışır. Şirkət tərəfindən ümumilikdə 37 adda məhsul satışa çıxarılır. 30-dan çox xarici ölkəyə isə məhsullar ixrac olunur».
Kartof emalı zavodu
Şəhərcikdəki əsas müəssisələrdən olan Kartof emalı fabrikində 2 istehsal xətti var. Xətlərin birində 5 adda (klassik, şüyüdlü, pendirli, xama və soğanlı, tomatlı) «Chipsim» məhsulları istehsal olunur. Digər xətt isə dondurulmuş kartof (kartof free) istehsalı ilə məşğuldur.
Mənə Qəbələdə iş təklif etsəydilər, yəqin ki, düşünmədən çips istehsalını kseçsərdim. Yəqin, hamıya maraqlıdır ki, belə dadlı və bir anda yeyib- bitirdiyimiz 1 paket çips əslində neçə dəqiqəyə hazır olur?
Çips İstehsalat Şöbəsinin rəisi- Əlismayıl Cəfərov deyir ki, 1 paket çipsin hazırlanması 45-50 dəqiqə vaxt aparır. Bura kartofların yuyulmasından tutmuş, qablaşdırılmasına qədər olan müddət aiddir. Ən çox vaxtı da elə kartofların yuyulub- təmizlənməsi alır, bu prosesə təxminən 10 dəqiqə sərf olunur. Sonra kartoflar doğranılır, ona müxtəlif ədviyyatların vurulması isə təxminən 7-8 dəqiqə vaxt alır. Sonda kartofun tərkibindən oksigen çıxarılır, çips paketlnə azot doldurulur. Bu, çipslərin daha keyfiyyətli qalması üçün lazımdır. «Sonra da siz onları yeyirsiniz» deyə Ə.Cəfərov istehsal prosesinə yekun vurur. Dondurulmuş kartof xəttində isə «alma dilimi» və «barmaq free» adlı iki adda məhsul istehsal olunur.
Kartof məhsulları xaricə ixrac edilir
Kartof emalı zavodunda ümumilikdə 155 işçi çalışır, məhsullar isə şotland texnologiyası əsasında istehsal olunur. Ə. Cəfərov əlavə edib ki, zavodda Çipsi istehsalı xətti üzrə saatda 1 ton hazır məhsul istehsal olunur, bu da gün ərzində 8 saatlıq iş rejimi üçün 8 ton deməkdir. Kartof fri istehsalı isə daha böyükdüyr – 1 saata 3 ton.
Çipsi və fri istehsalı üçün Almaniya ve Hollandiyada yetişdirilmiş kartof sortlarından istifadə edilir. Amma fabrikin Xanlar rayonu, Qəbələnin Qaş bölgəsində, Goranboy, Samuxda da ümumi sahəsi 100 hektar olan kartof sahələri var.
Hazır məhsullar daxili tələbatı ödəməklə yanaşı, BƏƏ- Dubay, Tacikistan və Türkmənistana da ixrac olunur. Məhsulların saxlanma müddəti onların çeşidlərinə görə dəyişir. Çipsilər üçün 6 ay, kartof friləri üçün isə bir il yarım müddət nəzərdə tutulur”.
Limonad zavodu
«Qəbələ Qida şəhərciyi»ndə meyvə emalı müəssisəsi 2006-c ildə istehsala başlayıb və qısa müddətdə bazarın böyük hissəsini sahiblənib. Limonad istehsalına isə 2014-cü ildən başlanıb. Şirkət nümayəndələri bildirir ki, zavod dünyanın ən son müasir texnoloji avadanlıqları ilə təchiz olunub. Burada saatda 25 min ədəd şüşə vura bilən İtaliya-İsveçrənin xətləri quraşdırılıb.
Albalı İrandan, banan Braziliyadan gətirilir
Limonad və meyvə şirələrinin istehsalı üçün həm yerli meyvələrdən, həm də xarici xammaldən istifadə olunur. Zavod ehtiyacı olan albalı məhsulunu İrandan, bananı Braziliyadan, portağalı konsentrant formasında əsasən Afrikadan alır. Yerli məhsullardan isə ən çox nar və alma alınır.
Zavodun keyfiyyətə nəzarət üzrə mütəxəssisi- Kamil İsmayılov qeyd etdi ki, Azərbaycanda becərilməyən sitrus meyvələrinin şirə və limonadının hazırlanmasında isə qatılaşdırılmış şirədən istifadə olunur. Bu şirələr isə xarici ölkələrdən, məsələn: şaftalı şirəsi İtaliyadan idxal olunur.
Zavodun anbarı 10 min tonluq tutuma malikdir
«Gilan Qida Şəhərciyi»də anbar nəhəng sahəni tutur. Məhsullar istehsal olunduqdan sonra xüsusi qurğular vasitəsilə anbara ötürülür. Anbarda məhsulların keyfiyyətli saxlanması üçün xüsusi şərait yaradılıb. Burada temperatur 18 C-dir. Ümumilikdə, «Gilan Qəbələ Konserv Zavodu»nun istehsal etdiyi məhsullar isə təkcə daxili bazarda yox, həm də ABŞ, Yunanıstan, Almaniya, Rusiya, Ukrayna, Çin, Yaponiya, Avstraliya, Yeni Zellandiya, B.Ə.Ə, İran, Türkmənistan, Estoniya, Latviya, İtaliya və Fransa da daxil olmaqla müxtəlif ölkələrə ixrac olunur.
«Bu həm də bir sosial layihədir»
«Həm mexanika mühəndisliyi, həm də texniki heyətin böyük hissəsini həmyerlilərimiz tutur» bunu Qəbələ Konserv Zavodunun İT mühəndisi Ramazan Seyidov bildirib. Şirkətdə Avropa və Amerikada ixtisaslaşmış azərbaycanlılar çalışır. Avadanlıqların baxımı və dəstəyi yerli mütəxəssislər tərəfindən göstərilir. Həmçinin hər il çoxsaylı tələbə şirkətdə təcrübə keçir, onlar arasından seçilmişlər işlə təmin olunur. Mütəxəssisin sözlərinə görə, zavod təzə fəaliyyətə başlayan zaman texniki sahələrdə daha çox əcnəbilər yer alsalar da, indi onları təcrübəli yerli işilər əvəz edib. Şirkətdə çalışan işçilərin böyük əksəriyyəti isə Qəbələ sakinləridir. Zavodda təhlükəsizlik və keyfiyyətə nəzarəti təmin etməkdən ötrü 200-ə yaxın İP kamera quraşdırılıb. Bununla da zavodun fəaliyyəti yaxından izlənilir.
Bazara yeni məhsullar çıxaracaq
Yaxın vaxtlarda şirkəğt bazara yeni məhsullar buraxacaq. Bunlardan ən diqqəti çəkəni «Pepsi» içkisidir. «Gilan Holding»in yeni layihəsi haqda da jurnalistləri məlumatlandıran R. Seyidov bildirib ki, zavod artıq «Pepsi» məhsulu da istehsal edəcək: «Artıq bunun üçün «Pepsi-CO İnternational» şirkətindən xüsusi lisenziya da alınıb. İstehsal olunan «Pepsi»lər hələ ki ilkin olaraq yarım litr həcmində olacaq və bazar qiyməti ilə eyni satılacaq». Sonradan isə şirkətin spirtli içki istehsalına başlayacağı da gözlənilir.
Ümumiyyətlə şirkət dünyanın 30-a yaxın ölkəsinə 28 adda məhsul istehsal edir. Bu ölkələr arasında əsas yeri, ixracın təxminən 30%-ni Rusiya tutur, bundan başqa, ABŞ, Çin, Hollandiya, Türkiyə, Gürcüstan və əksər MDB ölkələrinin bazarlarını da şirkət öz məhsulları ilə təmin edir. Şəhərciyin ümumi işçilərinin sayı 850 nəfərdir.