02 Noyabr

SOCAR xaricdə təhsillə bağlı Təqaüd Proqramını dəyişib

Azərbaycan Dövlət Neft Şirkəti azərbaycanlı tələbələrin xaricdə təhsil ilə bağlı Təqaüd Proqramına dəyişiklik edib. Bu barədə qərar SOCAR-ın Xaricdə təhsillə bağlı Təqaüd Proqramı Müsabiqə Komissiyasının növbəti iclasında qəbul edilib.

Fins.az-ın SOCAR-ın rəsmi internet səhifəsinə istinadən məlumatına görə, iclasda Proqram çərçivəsində 8-i magistr, 1-i bakalavr və 1-i uzman olmaqla Böyük Britaniya, Almaniya və Türkiyənin universitetlərində təhsil almış 10 məzun komissiya üzvləri qarşısında hesabatla çıxış edib. Məzunlar təhsil aldıqları ixtisas və ali təhsil ocağı, eləcə də ictimai fəaliyyətləri barədə ətraflı məlumat veriblər.

İclasda 2016-2017-cı tədris ili üçün xaricdə təhsillə bağlı Təqaüd Proqramının ixtisas qrupları üzrə kvotalara baxılıb. Komissiyanın qərarı ilə bəzi ixtisaslar təqaüd proqramından çıxarılıb. Bunlar hüquq, risklərin idarə olunması və mühasibat uçotu ixtisaslarıdır.

2016-2017-ci tədris ili ərzində SOCAR-ın Xarici Təqaüd Proqramına müraciət edən gənclər kimya mühəndisliyi, inşaat mühəndisliyi, kompüter mühəndisliyi, mexanika mühəndisliyi, geologiya mühəndisliyi, neft-qaz mühəndisliyi və elektroenergetika mühəndisliyi ixtisasları üzrə təqaüd ala biləcəklər.