02 phrase_var_core.november

Əmək Müfəttişliyi 3,6 milyon manat cərimə yazıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) sentyabr ayında həyata keçirdiyi nəzarət tədbirləri zamanı müxtəlif müəssisələrdə əmək qanunvericiliyinin 1803 dəfə pozulmasını qeydə alıb. Nazirlikdən fins.az-a verilən məlumata görə, əsasən özəl sektora aid müəssisələrdə və topdansatış, tikinti, ticarət, ictimai iaşə sahələrində aşkar olunan həmin hüquq pozuntularının aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb. İnzibati xətalara yol vermiş işəgötürənlərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş məbləğlərdə ümumilikdə 520 min manat cərimə tətbiq edilib. Cərimələrin 35,7 faizi (185419 manat) dövlət büdcəsinə ödənilib.

Bununla yanaşı, nazirlik bildirir ki, Əmək Müfəttişliyinin nəzarət tədbirləri və işəgötürənlər arasında davamlı təbliğat işləri nəticələrini verməyə başlayıb. Belə ki, bu ilin 9 ayında iş yerlərində aşkar edilən pozuntuların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faizə yaxın azalaraq 13202-ə enib. Bu dövrdə pozuntuya yol verən şirkətlərə 3,6 milyon manat cərimə yazılıb. Bunun da 44 faizi, yəni 1 585 342 manatı dövlət büdcəsinə ödənilib. Ödənilən vəsaitin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,3 faiz çoxdur.