02 Noyabr

Gələn il DSMF xərclərinin 64%-ni özü ödəyəcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2016-cı ilə üçün proqnozlaşdırılan 3 milyard 78,6 milyon manat məbləğində gəlirinin 64,3%-ni sosial sığorta daxilolmaları və digər gəlirlər təşkil edəcək, dövlət büdcəsi transfertinin xüsusi çəkisi isə 35,7 faiz olacaq. Fins.az-ın məlumatına görə, bu barədə DSMF sədri Elman Mehdiyev məlumat verib.

Fond sədri büdcədən ransfertin məbləğinin bu il olduğu kimi 1,1 milyard manat təşkil edəcəyini və gələn il üçün xərclər üzrə nəzərdə tutulan artımın toplanan sosial sığorta haqları hesabına qarşılanacağını qeyd edib. O, bu göstəricilərin çətin proqnozlaşdırılan qlobal iqtisadi proseslər fonunda ölkəmizdə təmin olunan dayanıqlı inkişafın və əhalinin gəlirlərinin artım dinamikasının əyani təzahürü olduğunu, bütün bunların sosial sığorta haqları üzrə proqnozlarda öz əksini tapdığını vurğulayıb.

DSMF-nin 2016-cı il üçün büdcəsi layihəsində xərclərin 3 milyard 11,2 milyon manatının əhaliyə ödənişlərə, 20 milyon. manatının pensiya və müavinətlərin əhaliyə çatdırılması və bank əməliyyatlarının aparılması üzrə xidmət haqlarına, 19,1 milyon manatının sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclərə, 27 milyon manatının Fondun aparatının və onun yerli orqanlarının saxlanılmasına, 40 min manatının beynəlxalq təşkilatlara üzvlük haqlarına, 1,3 milyon manatının Azərbaycan Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında 2004-cü il 23 sentyabr tarixdə imzalanmış və Azərbaycan Respublikasının Prezidentinin 2004-cü il 11 noyabr tarixli 518 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "İnkişaf üçün Kredit Sazişi"nə əsasən "Pensiya və sosial təminat" layihəsi üzrə kreditin qaytarılmasına yönəldilməsi nəzərdə tutulub. Əhaliyə ödənişlərin 97,1%-ni və ya 2 milyard 923,6 milyon manatını əmək pensiyalarının ödənilməsi üzrə xərclər, 2,9%-ni və ya 87,6 milyon manatını isə müavinət xərcləri təşkil edəcək.