Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətindən istifadə edənlərin sayı cari ilin avqust ayında yanvar ayı ilə müqayisədə 2,2 dəfə artaraq 21966 nəfər təşkil edib. Nazirlikdən fins.az-a verilən məlumata görə, “İş yerinə dair arayış” xidməti işçilərə imkan verir ki, işəgötürənə müraciət etmədən iş yeri haqqında ümumi təyinatlı, yaxud konkret bir quruma təqdim etmək üçün onlayn formada elektron arayış alsın. Arayışda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti və s. məlumatlar əksini tapır. Arayışı əmək haqqı göstərilməklə və ya göstərilmədən də almaq olar. Ən əsası budur ki, arayışın təqdim edildiyi təşkilatlar buradakı məlumatların dəqiqliyini özləri də yoxlaya bilərlər. Bunun üçün arayışdakı ştrix-kod vasitəsilə "E-hökumət" portalındakı "Portal üzərindən verilmiş arayışların yoxlanılması" xidmətindən istifadə etmək kifayətdir. Bu yoxlama üsulu arayışda göstərilən əmək haqqının dəqiq olub olmadığını da öyrənməyə imkan verir.
Qeyd edək ki, “İş yerinə dair arayış” e-xidməti ötən ilin dekabrında əhalinin istifadəsinə verilib və cari il sentyabrın 1-dək artıq 128 908 nəfər bu e-xidmətdən yararlanıb.
Xatırladaq ki, son vaxtlar Azərbaycanda iş yerindən arayışların alınması ilə bağlı fırıldaq halları artıb. Bəzən isə xüsusilə bankdan kredit götürmək məqsədilə saxta arayışlar pula satılır.