“Qazprom” Moldovaya 48 saat vaxt verdi

Rusiyanın “Qazprom” şirkəti Moldovaya xəbərdarlıq edib.

Fins.az xəbər verir ki, şirkətin sözçüsü Sergey Kupriyanov “Rossiya 24” kanalının efirində bildirib ki, Moldova borclarını ödəməsə 48 saat sonra ölkəyə qaz verilməsi dayandırılacaq. 

O bildirib ki, “Moldovaqaz” ilə praktiki olaraq Kişinyovun şərtləri əsasında müqavilə imzalayıblar. Lakin vacib bir şərt var – cari ödənişlər vaxtında yüz faiz ödənilməlidir: 

“Cari ödənişlər üçün növbəti son tarix bu gün – noyabrın 22-dir. Ödəniş isə yoxdur. Bununla əlaqədar olaraq, bu gün “Qazprom” müqaviləyə uyğun olaraq Moldova tərəfini 48 saatdan sonra qazın nəqlinin dayandırılacağı barədə məlumatlandırıb”.

Moldovanın infrastruktur naziri Andrey Spınu bildirib ki, “Moldovaqaz” qaz nəqlinin dayandırılacağı ilə bağlı bildiriş alıb, lakin ölkə rəsmiləri onunla detallı şəkildə tanış olmayıblar. 

“Moldovaqaz”ın rəhbəri Vadim Çeban sözlərinə görə, şirkət artıq “Qazprom”dan bildiriş alıb və tarifə gec baxıldığından yaranan borcun ödənilməsi problemi üzərində işləyir: 

“Söhbət oktyabr ayı üçün istehlakın, noyabr ayı üçün ödənişin yarısının ödənilməsindən gedir. Bizdə xüsusi boşluq yaranıb. Çünki oktyabrda tarifdə alış qiyməti 150 dollar idi, biz isə qazı 800 dollara almışıq”.

Qeyd edək ki, Moldovada qazın tarifinə noyabrda yenidən baxılıb: o, 25 sentdən 63 sentə yüksəlib. Eyni zamanda, oktyabr ayında qazın alış qiyməti 4 dəfə artsa da, adi istehlakçılar eyni – 25 sent ödəyiblər. Hökumət orqanları “Qazprom”a qazın pulunu ödəmək üçün bu fərqi necə kompensasiya etmək barədə qərar verməli idilər.

Oktyabrın sonunda Kişinyov “Moldovaqaz”ın borcunun 2022-ci ildə auditi şərti ilə “Qazprom”la müqaviləni beş il müddətinə uzadıb. Borcun faiz nəzərə alınmaqla beş il ərzində ödənilməsi planlaşdırılır.

Rusiya şirkəti qeyd edib ki, tərəflər qaz sahəsində cari məsələlərin həlli ilə bağlı protokol imzalayıb və sazişin uzadılması şərtlərini qarşılıqlı faydalı adlandırıblar. Kişinyovun da qeyd etdiyi kimi, yeni müqavilədə Moldova tərəfinin təklif etdiyi formuladan istifadə olunacaq.

SHARE THIS STORY

FacebookTelegramTwitter