QARABAĞ

17 Dekabr

Qarabağ və Şərqi Zəngəzurda iqtisadi infrastrukturun inkişafı prioritet olacaq - Nazir müavini

Qarabağ və Şərqi Zəngəzurda iqtisadi infrastrukturun inkişafı prioritet olacaq.

Fins.az xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev “Dayaq” mükafatının təqdimat mərasimində 2025-ci və sonrakı illər üçün Qarabağ və Şərqi Zəngəzurda iqtisadi infrastrukturun inkişafının əsas hədəflərdən biri olduğunu bildirib.

E.Əliyev qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə iqtisadi infrastrukturun bərpası və inkişafı üçün dövlət tərəfindən geniş dəstək təmin edilir. Bu sahədə sahibkarların rolu xüsusi vurğulanıb:

“İnvestorlar artıq ‘Araz Vadisi İqtisadi Zonası’ sənaye parkı və Ağdam Sənaye Parkının imkanlarından istifadə etməyə başlayıblar. Keçən ildən etibarən azad edilmiş ərazilər üçün geniş vergi və əmək güzəştləri, stimullar paketi təsdiqlənib. Bu tədbirlər həmin ərazilərdə investisiyaların cəlb edilməsinə və biznesin inkişafına şərait yaradır.”

Nazir müavini həmçinin sahibkarlıq və dövlət-özəl sektor əməkdaşlığının iqtisadi inkişafda əhəmiyyətini vurğulayıb:

“Sahibkarlar iqtisadi inkişafda daha fəal iştirak etməli, bizneslərini genişləndirməli və ölkənin dayanıqlı tərəqqisinə daha böyük töhfə verməlidirlər.”

Bu addımlar Qarabağ və Şərqi Zəngəzurda iqtisadi fəaliyyətin canlanmasına və dayanıqlı inkişafın təmin edilməsinə xidmət edir.