QARABAĞ

11 Dekabr

Azad edilmiş ərazilərdə 142 mineral yataqda monitorinq və təftiş işləri tamamlanıb

Ümumilikdə, işğaldan azad edilmiş ərazilərdə 142 mineral xammal yatağında monitorinq və təftiş işləri həyata keçirilib, işğal dövründə bu yataqlardan istismar edilmiş həcmlər müəyyənləşdirilib.

Fins.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Kənan Kərimli Xankəndi şəhərində keçirilən ekoloji məsələlər üzrə işçi qrupun iclasında bildirib.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeraltı su yataqlarının istismar ehtiyatlarının yenidən qiymətləndirilməsi məqsədilə 170-dən artıq məntəqədə yoxlama və təftiş işləri aparılıb. Bu, yeraltı və yerüstü su mənbələrinin əsas göstəricilərinin qiymətləndirilməsi, məlumat bazasının və elektron su xəritəsinin hazırlanması üçün əsasdır.

Kərimli əlavə edib ki, işğaldan azad olunmuş ərazilərin interaktiv su xəritəsinin hazırlanması üzrə mühüm işlər görülüb. Bu proses çərçivəsində çayların, avtomat hidroloji stansiyaların, göllərin və yeraltı su yataqlarının hidroqrafiya şəbəkəsi vektorlaşdırılıb, SHP faylları yaradılıb.

Eyni zamanda, geofiziki anomaliyalar və geokimyəvi məlumatlar əsasında faydalı qazıntı təzahürlərinin müəyyənləşdirilməsi məqsədilə Dövlət Geoloji İnformasiya Fondunda saxlanılan 196 hesabat kvalifikasiya edilib. Hazırda həmin hesabatların geofiziki və geokimyəvi təhlilləri davam etdirilir.

“Əlavə olaraq, əlvan və nəcib metalların axtarışı və qiymətləndirilməsi üzrə geoloji kəşfiyyat işləri də işğaldan azad edilmiş ərazilərdə aktiv şəkildə davam etdirilir,” – deyə o vurğulayıb.