Fins.az - İşğaldan azad olunmuş ərazilərin su təchizatının yaxşılaşdırılması istiqamətində işlər sürətlə davam etdirilir.
Hazırda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan yaşayış məntəqələrində mühüm layihələr həyata keçirilir.
Agentlikdən verilən məlumata görə, Cəbrayıl, Zəngilan və Füzuli şəhərlərində sakinlərin keyfiyyətli, dayanıqlı içməli su ilə təmin olunması üçün təxirəsalınmaz bərpa və tikinti işləri aparılır. Bildirilib ki, qurumun sifarişi ilə icra olunan Cəbrayıl şəhərinin xarici su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsi 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla 15 min nəfərin tələbatının ödənilməsinə hesablanıb. 2023-cü ildə şəhərdə yeni geoloji kəşfiyyat quyusu qazılıb. Seçilmiş mənbənin məhsuldarlığı və suyun keyfiyyət göstəriciləri Cəbrayıl şəhərini və ətraf kəndləri içməli su ilə təmin etməyə imkan verir.
Ötən müddətdə Cəbrayıl şəhərinin şimalında, ümumilikdə, 9 subartezian quyusu layihələndirilib və artıq bu istiqamətdə işlərə başlanılıb. İlkin mərhələdə şəhər ərazisində məhsuldarlığı saniyədə 12 litr olan 3 quyunun qazılması nəzərdə tutulur. Şəhərdə məskunlaşacaq əhalinin sayı artdıqca yeni quyuların qazılması təmin ediləcək.
Ərazidə hər birinin tutumu 1000 kubmetr olan 2 anbarın inşası nəzərdə tutulur. Artıq tikintisi başa çatdırılmış 1-ci anbar test sınağından keçirilərək istismara verilib. 2-ci anbarın isə 1000 kubmetr hissəsinin dəmir-beton işləri yekunlaşdırılıb. Hazırda burada izoliasiya işləri davam etdirilir. Artıq 280 diametrlik boru ilə şəhərin giriş nöqtəsinə qədər çəkilmiş 1177 metr magistral xətt də istismara tam hazırdır. Layihə çərçivəsində şəhərin çıxışından 600 diametrlik boru ilə 5300 metr məsafədə kanalizasiya xətti çəkilib. Müasir standartlara cavab verən modul tipli tullantı sutəmizləyici qurğu quraşdırılıb. Bütün bu işlər isə Cəbrayıla köçürülən sakinlərin fasiləsiz, dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunmasına imkan yaradır.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Zəngilan şəhərində 2020-ci il oktyabr ayından etibarən sakinlərin məskunlaşdığı ərazilərdə idarə və təşkilatlar, mənzillər, fərdi yaşayış evləri 24 saat su ilə təmin olunur. Hazırda isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Zəngilan şəhərinə fasiləsiz və dayanıqlı suyun verilməsi məqsədilə hər birinin tutumu 4 min kubmetr olmaqla 2 su anbarının inşası davam etdirilir. Bundan əlavə, yaxın gələcəkdə hər birinin tutumu 100 kubmetr olan daha 2 su anbarı tikiləcək. Layihəyə əsasən yağış sularının idarə olunması üçün 1 kilometr uzunluğunda xətt çəkiləcək.
Qarşıda duran perspektiv plana uyğun olaraq rayon ərazisində 9 subartezian quyusu və 1 nasosxananın inşası nəzərdə tutulub. Layihə çərçivəsində inşası nəzərdə tutulmuş 2046 metr magistral su xəttinin 1352 metri, eləcə də artezianlararası 1837 metrlik xəttin 1143 metrinin çəkilişi başa çatdırılıb. Bununla yanaşı, layihəyə əsasən 9 kilometrlik çirkab su kollektorunun tikintisi də yekunlaşmaq üzrədir. Artıq işlərin 83 faizi tamamlanıb.
İşğaldan azad olunmuş Füzuli şəhərində məskunlaşma sürətlə artır. Artıq şəhərdə 648 keçmiş məcburi köçkün ailəsi məskunlaşıb. Hazırda burada əhalinin, eləcə də dövlət və özəl sektora aid binaların və obyektlərin içməli su ilə təmin edilməsi məqsədilə layihələr həyata keçirilir. Şəhəri içməli su ilə təmin etmək üçün hər birinin tutumu 8500 kubmetr olan 2 ədəd və hər birinin tutumu 2500 kubmetr olan eyni sayda su anbarı inşa edilir. Artıq anbarların idarəetmə və gözətçi otaqlarının tikinti-quraşdırma işləri yekunlaşıb.
Hazırda mövcud Gövşad kəndindəki mənbədən müvəqqəti olaraq 100 kubmetrlik anbara su vurulur və oradan da Füzuli şəhərinə su verilir. Bununla da, şəhər 24 saatlıq dayanıqlı içməli su ilə təmin olunur. Tikilən 17 min və 2500 kubmetrlik anbarlarda da işlər yekunlaşmaq üzrədir. Ümumilikdə isə, layihə çərçivəsində Füzuli şəhərində 10 min 330 metr magistral su xətti, 5 min 807 metr artezianlar və anbarlararası su xətti, 1 ədəd tullantı sutəmizləyici qurğu, 1816 metrlik kanalizasiya kollektoru inşa olunub. Bundan əlavə, 15 subartezian quyusu qazılaraq istismara verilib.