QARABAĞ

29 Oktyabr

Zəngilan beynəlxalq logistika mərkəzinə çevrilir

Saf havası, dupduru bulaqları ilə tanınan Zəngilan rayonu Kiçik Qafqaz dağ silsiləsinin cənub-şərqində, Araz çayının sol sahilində yerləşir, gözəllikləri, sıldırım qayaları, gözoxşayan mənzərələri və zəngin təbii sərvətləri ilə seçilir. Ərazidə tikinti daşı, qızıl, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəngdaşı, faydalı qazıntılar və digər təbii ehtiyatlar var. Rayonun bitki örtüyündə əsasən kserofit bitkilər üstünlük təşkil etməklə yanaşı, faunası da diqqəti cəlb edir.

Rayon ərazisində yerləşən ən məşhur çaylardan biri Araz çayının sol qolu olan Bəsitçaydır. Çayın uzunluğu 44 km, sutoplayıcı hövzəsi isə 354 kvadratkilometrdir.

Müzəffər ordumuzun bölmələri tərəfindən 20 oktyabr 2020-ci il tarixində Zəngilan rayonu düşmən tapdağından azad edilib. Regionun düçar edildiyi bütün problemlərin bərpası, bioloji müxtəlifliyinə vurulan zərərin minimuma endirilməsi istiqamətində görülən məqsədyönlü işlər nəticəsində rayon günü-gündən inkişaf edir, təbiəti və iqtisadiyyatı çiçəklənir.

Ermənistanın faşist siyasəti və vandallığı nəticəsində tamamilə dağıdılan əzəli yurd yerimiz olan Zəngilan rayonunda həyata keçirilən bərpa-quruculuq öz bəhrəsini verir. Rayonda regionun ilk "Ağıllı kənd" konsepsiyası tətbiq edilib və yeni müasir kəndlər tikilir, yollar çəkilir, təbii sərvətlərindən xalqımızın mənafeyi naminə istifadə olunur, düşmən tərəfindən məhv edilən gözəlliklər qorunur.

İlk dəfə inşa edilən Zəngilan Beynəlxalq Hava Limanının 2022-ci il oktyabrın 20-də açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdilər. Qardaş ölkələrin dövlət başçıları hava limanının rəmzi açılışını bildirən lenti kəsdilər.

Qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanının asfalt-beton örtüklü uçuş-enmə zolağının uzunluğu 3 min, eni isə 60 metr təşkil edir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul edə bilər.

Perronun sahəsi 60 min kvadratmetrdir. Hava limanı ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verir.

Müasir dünya tələblərinə cavab verən beynəlxalq aeroportun terminalı saatda 200 sərnişinə xidmət göstərmək imkanına malikdir. Terminal daxilində VIP-zal, kafe, tibb məntəqəsi və ofis otaqları mövcuddur.

Aeroportda tam avtomatlaşdırılmış hava hərəkətinə nəzarət və aviasiya rabitəsi sistemləri ilə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə Qülləsi tikilib.

Uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün ICAO-nun beynəlxalq tələblərinə uyğun olaraq İtaliyanın və Almaniyanın aparıcı istehsalçılarının müasir aeronaviqasiya dəstək sistemləri tətbiq edilib. Qısa müddətdə ILS/DME instrumental eniş sistemləri, VOR/DME marşrutu üzrə hava gəmisi naviqasiya vasitələri, avtomatlaşdırılmış aviasiya və meteoroloji müşahidə sistemləri, ilkin və ikinci dərəcəli radar sistemləri quraşdırılaraq istifadəyə verilib. Bütün sistemlər ICAO və "Eurocontrol"un beynəlxalq aviasiya kataloqlarında qeydiyyatdan keçib.

Zəngilan Beynəlxalq Hava Limanının ərazisində yardımçı binalar, transformator binası, qazanxana və su çənləri inşa edilib.

Uzunluğu təxminən 10 kilometr olan 35 kilovoltluq ikidövrəli elektrik kabel xətti çəkilib. 230 metr dərinlikdə artezian quyusu qazılıb.

Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdən biri olmaqla Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Regionda Dövlət Proqramına uyğun olaraq uğurla həyata keçirilən tədbirlər rayonu beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirir.

Onu da deyək ki, Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur.

Son dərəcə strateji əhəmiyyət kəsb edən hava limanı bölgənin inkişafında əvəzsiz töhfəsi ilə seçilir. Çünki regionun inkişafı nəqliyyat sektorunun yenidən qurulması ilə birbaşa əlaqəlidir.

Bu mənada, Zəngilan Beynəlxalq Hava Limanı həm iqtisadi, həm də strateji baxımdan vacib layihələrdən biri hesab edilir. Bununla yanaşı, rayon digər sahələrdə olduğu kimi, turizm baxımından da böyük potensiala malikdir. Ərazidə istehsal olunan məhsullar yerli bazarda istifadə olunmaqla yanaşı, birbaşa xarici ölkələrə də çıxarılacaq. Beləliklə, Zəngilan Beynəlxalq Hava Limanı yaxın zamanda istifadəyə veriləcək Zəngəzur dəhlizinə inteqrasiya olunmaqla ölkəmizin dinamik inkişafına müsbət təsir göstərəcək.