QARABAĞ

04 Sentyabr

Şuşada Gürcüstan Mediatorlar Assosiasiyası sədrinin kitabının təqdimatı olub

Şuşa şəhərində yerləşən Qarabağ Hotelində Gürcüstan Mediatorlar Assosiasiyasının sədri İrakli Kandaşvilinin kitabının təqdimatı keçirilib.

Fins.az xəbər verir ki, bu barədə Mediasiya Şurası məlumat yayıb.

Tədbirin əvvəlində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Avrasiya Hüquqşünaslar Assosiasiyasının “Mediasiya (mübahisələrin səmərəli həlli vasitəsi) - Praktik dərslik” kitabı nəşr edilib. Bu kitab Mediasiya Şurasının metodiki dəstəyi və rəyi əsasında çap olunub. Kitab ilk dəfə Gürcüstan dilində nəşr olunub və müəllifi Gürcüstan Mediasiya Şurasının İdarə Heyətinin sədri İrakli Kandaşvilidir. Kitabın Azərbaycan dilinə tərcüməsi və redaktəsi işində Azərbaycan Respublikasının Mediasiya Şurası fəal iştirak edib və onun nəşri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilib. İlk dəfə Azərbaycan dilində nəşr olunan bu dərslik, mediatorların praktik biliklərinin artırılmasında və peşəkar səviyyələrinin yüksəldilməsində mühüm rol oynayacaq. Qeyd edək ki, əvvəllər mediasiya sahəsində Azərbaycan dilində dərslik çatışmazlığı ciddi problemlərə səbəb olurdu. Bu kitabın nəşri bu sahədəki boşluğun aradan qaldırılmasına töhfə verəcək.

Eyni zamanda, Mediasiya Şurası tərəfindən təlim qurumu kimi mediasiya reyestrinə daxil edilmiş Ədliyyə Akademiyasında mediatorların ilkin hazırlığı da daxil olmaqla, əmək və ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə kurslar təşkil olunarkən bu dərslik mediator olmaq istəyən namizədlərə ödənişsiz təqdim olunacaq. Kitabın əsas məqsədi mediasiya sahəsində praktiki bacarıqların artırılmasına dəstək olmaq, mediasiya proseslərinin effektivliyini artırmaq və keyfiyyətli mediasiya xidmətlərinin göstərilməsi sahəsində mediator namizədlərin və mövcud mediatorların bilik və bacarıqlarını yüksəltməkdir. Kitabda mediasiya prosesinin müxtəlif mərhələləri, metodları və strategiyaları geniş şəkildə izah olunur və beynəlxalq təcrübələrdən də bəhs edilir. Kitab yalnız mediatorlar üçün deyil, həmçinin vəkillər, hakimlər və mediasiya prosesində iştirak edən bütün maraqlı tərəflər üçün nəzərdə tutulub.

Təqdimat mərasimində çıxış edən Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, kitabın müəllifi İrakli Kandaşviliyə dərin təşəkkürünü bildirib. O qeyd edib ki, Kandaşvili dost və qardaş Gürcüstan xalqının nümayəndəsi kimi Azərbaycanı sevən və dəstəkləyən şəxslərdəndir. Kitabın Azərbaycan dilində nəşr olunmasının və ilk təqdimat mərasiminin Şuşada təşkil edilməsinin təkcə mediasiya sahəsində biliklərin yayılmasına deyil, həm də Azərbaycan və Gürcüstan xalqları arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. O, belə bir tədbirin Şuşada keçirilməsinin mənəvi əhəmiyyətinin böyük olduğunu qeyd edib və mediatorları kitabı oxumağa, müəlliflə kitabın müzakirəsini təşkil etməyə çağırıb.

Gürcüstan Mediatorlar Assosiasiyasının sədri İrakli Kandaşvili videozəng vasitəsilə təqdimat mərasiminə qoşulub və kitabın Azərbaycan dilinə tərcümə olunmasına və nəşrinə maliyyə dəstəyi göstərdiyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Avrasiya Hüquqşünaslar Assosiasiyasına və Mediasiya Şurasına minnətdarlığını bildirib. O, təqdimat mərasimində şəxsən iştirak edə bilmədiyinə görə təəssüfləndiyini, lakin növbəti imza günündə mütləq iştirak edəcəyini vurğulayıb. İrakli Kandaşvili Şuşada region mediasiya təşkilatları rəhbərlərinin və mediatorlarının iştirakı ilə keçirilən “Mediasiya təşkilatlarının marketinq üzrə bacarıqlarının artırılması” seminarının təşkil edildiyindən xəbərdar olduğunu və bu seminara dostu Nadir Adilovun rəhbərlik etməsindən məmnunluğunu ifadə edib. O, müəllifi olduğu kitabın Azərbaycanlı mediatorlar üçün marketinq fəaliyyətlərində əlavə bacarıqlar qazandıracağına əmin olduğunu bildirib və Azərbaycan mediatorlarına uğurlar arzulayıb. Təqdimat mərasimi kitab haqqında fikirlərin bildirilməsi ilə sona çatıb və kitablar mediatorlara ödənişsiz olaraq paylanıb.

Fuad Mədətov
Fins.az