Horadiz-Ağbənd dəmiryolu layihəsi çərçivəsində 40-dan çox körpü və təxminən 330 mühəndislik qurğusunun tikintisi nəzərdə tutulub.
Fins.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin şöbə müdiri Fəryaz Rüstəmov məlumat verib.
F.Rüstəmovun sözlərinə görə, Horadiz-Ağbənd dəmiryolunun Həkəri çayı üzərindən keçən hissəsində regionun ən uzun dəmiryolu körpüsü inşa edilir:
"Bu körpü 771 metr uzunluğunda olub, 23 aşırımdan ibarətdir. Texniki baxımdan çətin və mürəkkəb relyef şəraitində inşa edilən bu körpü, tamamilə yerli mühəndislər tərəfindən layihələndirilib və tikinti işləri yerli mütəxəssislərin rəhbərliyi altında həyata keçirilir. Bu layihə ölkəmizin mühəndislik potensialının yüksək səviyyədə olduğunu və yerli kadrların mürəkkəb infrastruktur layihələrində peşəkarlığını göstərir,” – deyə o qeyd edib.
Qeyd edək ki, Horadiz-Ağbənd dəmiryolu layihəsinin 2025-ci ildə tamamlanması planlaşdırılır.
Fuad Mədətov
Fins.az