Horadiz-Ağbənd dəmir yolu xəttinin 106-cı km-də inşa edilən tunel 1071 metr uzunluğa malikdir.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası ilə bağlı təşkil edilən mediatur zamanı ADY-nin şöbə müdiri Fəyaz Rüstəmov jurnalistlərə açıqlama verib.
Rüstəmov bildirib ki, tikilən tunelin qabariti gələcəkdə dəmir yolu xəttinin elektrikləşdirilməsinə də imkan verəcək. "Tunelin inşasında Yeni Avstriya üsulu tətbiq edilir. Bu üsul, tunelin ətrafında yerləşən qaya qruntunun yükgötürmə qabiliyyətinə uyğun olaraq tunelin konstruksiyasına dəyişikliklərin edilməsinə imkan verir ki, bu da tikinti xərclərinin optimallaşdırılmasına səbəb olur," - deyə Rüstəmov qeyd edib.
O, həmçinin əlavə edib ki, tuneldə qazma işləri həm giriş, həm də çıxış tərəfdən qazma-partlatma üsulu ilə aparılır.
Fuad Mədətov
Fins.az