QARABAĞ

23 Avqust

Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi 83% tamamlandı, 57% tikinti irəliləyir

Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işləri 83% tamamlanıb, tikinti-quraşdırma işləri isə 57% irəliləyişlə davam edir.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-in Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası ilə bağlı təşkil edilən mediatur zamanı ADY-in Tikinti layihələrinin idarəolunması departamentinin müdir müavini Kənan Rzayev jurnalistlərə məlumat verib.

Rzayev qeyd edib ki, ox üzrə uzunluğu 110,4 km olan dəmir yolu xəttinin təhkim zolağı və xüsusi mühafizə zonası boyunca ümumilikdə 60 metr enində ərazilərin minadan təmizlənməsi işləri tamamlanıb. Əlavə genişlənmələrin tələb olunduğu hissələrin minadan təmizlənməsi isə davam edir.

"Xüsusilə, xəttin 72-ci km-dən 82-ci km-ə qədər olan hissəsində yolun oxunun dəyişdirilməsi səbəbindən minatəmizləmə işləri yenidən aparılıb. Horadiz-Ağbənd dəmir yolu xəttinin 72 km-lik əsas hissəsində və yan yollarla birlikdə ümumilikdə 83,4 km-də rels-şpal çərçivələri qoyulub. Həmçinin, 65,6 km-lik hissəyə uzunölçülü relslərin quraşdırılması tam şəkildə başa çatdırılıb. Hazırda xəttin 72-ci km-dən 89-cu km-ə qədər olan aralığında torpaq işləri və mühəndis qurğularının tikintisi işləri davam edir. Layihənin 2025-ci ildə tamamlanması planlaşdırılır," - deyə Rzayev əlavə edib.

O, tikinti-quraşdırma işlərinin üç mərhələdə həyata keçirildiyini də vurğulayıb.

Fuad Mədətov
Fins.az