QARABAĞ

23 Avqust

Şərqi Zəngəzurda ilk: Azərbaycan Dəmir Yolları yeni dəmir yolu qalereyasını təqdim edir

Horadiz-Ağbənd dəmir yolu xəttinin 75-ci kilometrində inşa edilən qalereya, dəmir yolunu dağlardan düşə biləcək qaya parçalarının təsirindən qorumaq məqsədilə layihələndirilib.

Fins.az xəbər verir ki, bu barədə jurnalistlərə Şərqi Zəngəzurda yenidən qurulan Horadiz-Ağbənd dəmir yoluna təşkil olunan media turu çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyi şöbəsinin rəhbəri Sənubər Nəzərova məlumat verib.

Nəzərovanın sözlərinə görə, qalereyanın uzunluğu 144 metr təşkil edir və onun layihələndirilməsi gələcəkdə dəmir yolu xəttinin elektrikləşdirilməsinə də imkan yaradır.

“Qalereya svaylar üzərində tikilmişdir və onun konstruksiyası monolit dəmir-betondur. Bu qalereya, Azərbaycan Respublikasının müstəqilliyi dövründə inşa edilən ilk dəmir yolu qalereyasıdır," - deyə o əlavə edib.

Fuad Mədətov
Fins.az