Yaxın vaxtlarda Xankəndi şəhərində tekstil istehsalı müəssisəsinin açılması gözlənilir.
Fins.az-ın məlumatına görə, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu barədə Daşkənddə keçirilən Özbək-Azərbaycan Biznes Forumunda bildirib.
Nazir qeyd edib ki, bu investisiya layihəsi özbək şirkəti tərəfindən həyata keçiriləcək. "Xankəndidə açılacaq tekstil istehsalı müəssisəsi, iki ölkə arasında iqtisadi əməkdaşlığı daha da möhkəmləndirəcək," - deyə nazir vurğulayıb.
Mikayıl Cabbarov, həmçinin, Azərbaycan və Özbəkistan iqtisadiyyatlarının sürətlə inkişaf etdiyini qeyd edib. "Azərbaycan sahibkarlarının Özbəkistanda aktiv fəaliyyətə marağı əhəmiyyətli dərəcədə artıb. Eyni zamanda, özbək biznesmenlərinin də qarşılıqlı marağı artıb ki, bu da bizi çox sevindirir. Bizim birgə emissiya alətimiz var və inanıram ki, zaman keçdikcə onun müsbət təsirini daha çox görəcəyik," - deyə nazir əlavə edib.
Hazırda Özbəkistanda 62-si birgə müəssisə olmaqla, Azərbaycan kapitallı 236 müəssisə fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycanda 70 özbək şirkəti aktiv fəaliyyət göstərir. Ümumilikdə, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan ilə Özbəkistan arasında ticarət dövriyyəsi 118,2 milyon ABŞ dollarını keçib.
Fuad Mədətov
Fins.az