QARABAĞ

15 İyul

Azad edilmiş ərazilərə qayıdan əhaliyə dəstək məqsədilə “Qaynar xətt” yaradıldı

Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işğaldan azad edilmiş ərazilərə geri qayıdan əhaliyə dəstək məqsədilə xüsusi “Qaynar xətt” yaradılıb.

Dövlət Komitəsindən Fins.az-a bildirilib ki, “Qaynar xətt”in iş qaydası haqqında ilkin olaraq komitə əməkdaşları təlimatlandırılıb.

Supervayzer Emin Mahmudov onlara yeni yaradılmış qaynar xəttin iş prinsipi haqqında ətraflı məlumat verib. Bildirilib ki, vətəndaşlar həm işğaldan azad edilmiş ərazilərə qayıdışla, həm də Dövlət Komitəsinin digər fəaliyyət istiqamətləri ilə bağlı məlumat və müraciətlər üçün bütün telefon rabitəsi operatorları vasitəsilə 1657 nömrəsini yığmalıdırlar.

Zənglərə avtomatlaşdırılmış qaydada cavab veriləcək.

“Qaynar xətt” həftənin iş günlərində saat 9:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Dövlət Komitəsində “Qaynar xətt” operatorları üçün xüsusi iş otağı ayrılıb və zəruri texniki avadanlıqlarla təchiz edilib. “Qaynar xətt” fəaliyyətdədir, vətəndaşların zənglərini qəbul etməyə hazırdır.

Əlavə olaraq qeyd edilib ki, 2022-ci il 4 aprel tarixli 3199 nömrəli “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncamın 4.10-cu yarımbəndində də “Çağrı mərkəzləri”nin işinin təkmilləşdirilməsi nəzərdə tutulur.