QARABAĞ

06 İyun

Qarabağ İqtisadi Regionunda geniş miqyaslı layihə icra olunacaq

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi  tərəfindən maliyyələşdirilən yeni layihənin icrasına başlayıb. Bu barədə Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin Mətbuat Xidməti məlumat yayıb. 

Bildirilir ki, bu, Qarabağa qayıdış konsepsiyasının gücləndirilməsi istiqamətində kiçik və orta sahibkarlığın inkişanı dəstəkləyən və Milli QHT tərəfindən icra olunan ilk layihədir.

Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarımızın iqtisadi inkişafı dövlətimiz və milli maraqlarımız üçün ən önəmli məsələlərdən birinə çevrilmişdir. Dövlətimiz tərəfindən görülən quruculuq işləri ilə bərabər yerli vətəndaşların bu prosesdə iştirakçılığı əhəmiyyətlidir.

Həyata keçirilən layihənin əsas məqsədi Qarabağ müharibəsi zamanı məcburi köçkün statusu daşımış gənclərə sahibkarlıq bacarıqlarının artırılmasına və sahibkarlığa başlama prosesində onlara dəstək olunmasıdır. Hədəf məqsədlərdən biri də Qarabağ iqtisadi regionunun iqtisadi inkişafına xidmətlə bərabər yerli icmanın da gücləndirilməsidir.

Layihə çərçivəsində Qarabağ iqtisadi rayonundan olan gənclər və qadınlar təlimlər alacaq, ABAD və KOBİA, Sahibkarlığa Kömək Milli Fondu olaraq, sahibkarlığı dəstəkləyən qurumlarla bağlı informasiyalar çatdırılacaq. Regionda Kiçik və Orta Sahibkarlığın inkişafına imkanlar yaradan və sahibkarlığın inkişafını stimullaşdıran qanun və sərəncamlar barədə məlumatlar veriləcək.

Fəaliyyətə yeni başlayan sahibkarlara uğurlu rol-model təqdim ediləcək. Bununla bərabər layihənin ictimailəşdirilməsi üçün televiziya və onlayn media vasitələri ilə də əməkdaşlıq ediləcək. Sahibkarların üzləşdiyi problemlər analiz edilərək təkliflər paketi şəklində uyğun dövlət qurumlarına çatdırılacaq. Bakı şəhərində və Füzulidə layihə iştirakçılarının və ekspertlərin iştirakı ilə fokus-qrup müzakirələri təşkil olunacaq. Layihənin sonunda regiondan olan 1 uğurlu biznes rol-model olaraq iştirakçılara nümayiş etdiriləcək. Nəticə olaraq, bu layihə Qarabağ iqtisadi rayonunun yenidən qurulma və iqtisadi inkişaf proseslərində gənclər və qadınların iqtisadi müstəqilliyinin təmininə və regionun inkişafında aktiv rol oynamalarına yol açacaqdır.

Tədqiqat və analizlərin nəticəsində əldə olunan hesabat və təkliflər paketi ölkənin müvafiq dövlət orqanlarına təqdim olunacaq.

Layihə  Zəngilan (Agalı kəndi), Füzuli, Laçın(Zabux) və Cəbrayıl-4 şəhərciyi və Zobucuq yaşayış məntəqələrində məskunlaşan əhali qrupunu əhatə edəcəkdir. Bu ərazilərdə yaşayan gənclər və qadınlar təlimlərə iştirakçı olaraq cəlb ediləcəkdir. Hazırda Azərbaycan dövlətinin əsas prioritet istiqamətləri Qarabağa qayıdış prosesinə dəstək, sahibkarlıq imkanlarının stimullaşdırılması, bərpa prosesinin və qayıdışın təmin edilməsidir.