QARABAĞ

23 May

Azad olunmuş ərazilərin bərpası üçün vəsait cəlb edilən mənbələr və debitor borclar açıqlanıb

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin əsas hissəsi infrastruktur layihələrinin icrasına yönəldilib, bununla yanaşı həmin layihələrin icrası ilə əlaqədar xərclər üzrə tələbatın ödənilməsinə digər mənbələrdən əlavə vəsait yönəldilib.

Fins.az xəbər verir ki, bu barədə “2023-cü ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd edilib.

Bildirilib ki, hesabat ilində işğaldan azad olunmuş ərazilərin qurulmasına və bərpasına nəzərdə tutulmuş ilkin vəsait 3000,0 mln. manat olub, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanuna dəyişiklik edilməsi barədə” qanun ilə əlavə olaraq 1800 mln. manat artırılaraq ayrılan vəsait 4800 mln. manat təşkil edib və illik hesabata əsasən ilin sonunadək tam icra edilib. 2023-cü ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsünə daxil olan layihələrin icrasına əlavə olaraq dövlət büdcəsinin ehtiyat fondundan sabit teleradio şəbəkənin yaradılması üçün 2,4 mln. manat, “Azərbaycan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində yeni yaradılmış aqroparklara və digər istifadəçilərə məxsus torpaq sahəsinə suvarma suyunun çatdırılması məqsədilə 50,0 mln. manat, enerji infrastrukturunun qurulması üzrə 17,0 mln. manat, Xocalı şəhərində çoxmənzilli yaşayış binasının əsaslı təmiri və ərazinin abadlaşdırılması üçün 8,5 mln. manat, Xocalı şəhərinin Kərkicahan qəsəbəsi, Malıbəyli və Turşsu kəndlərində layihələndirmə, tikinti-bərpa və yenidən qurulma işləri üçün 61,0 mln. manat, ümumilikdə 5 sifarişçi üzrə 138,9 mln. manat və Azərbaycan Respublikasının Prezidentinin Ehtiyat Fondundan yol infrastrukturunun tikintisi ilə bağlı 3 halda 1 sifarişçi üzrə 65,4 mln. manat, Kəlbəcər şəhərində tikinti, təmir və bərpa işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə 1 sifarişçi üzrə 80,0 mln. manat, dövlət əsaslı vəsait qoyuluşundan yol infrastrukturu tikintisinə 32,5 mln. manat, dövlət büdcəsinin digər bölmələri hesabına 5 sifarişçi üzrə 464,8 mln. manat vəsait yönəldilib. Beləliklə, illik hesabata əsasən Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin bütün bölmələrindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 5581,6 mln. manat vəsait icra edilib. Hesablama Palatası tərəfindən aparılan təhlillərlə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün icra edilən xərc kimi Hesabatda göstərilmiş məbləğdən daha çox vəsaitin bu istiqamətə yönəldildiyi barədə qənaətə gəlinir. Aparılan təhlillər göstərir ki, qeyd edilənlərlə yanaşı, büdcədənkənar vəsait hesabına da müəyyən xərclər bu istiqamət üzrə icra olunub. Belə ki, hesabat ilində İqtisadiyyat Nazirliyinin büdcədənkənar xərclərindən müvafiq ərazilərdə tikintiyə vəsait yönəldilib. Bu isə hesabatda göstərilən məbləğdən daha çox məbləğin bu xərclərin icrası ilə əlaqəli olduğunu deməyə əsas verir.

Qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılmış vəsaitlər üzrə debitor borcları hesabat ilinin əvvəlinə nisbətən dəfələrlə artıb.Təşkilatlardan alınmış hesabata əsasən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılmış vəsaitlər üzrə2023-cü ilin əvvəlinə 6 sifarişçi üzrə mövcud olan 157,7 mln. manat debitor borcu il ərzində 286,3 mln. manat və ya 2,8 dəfə artaraq 444,0 mln. manat olub. O cümlədən hesabat ilinin sonuna Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi üzrə 54,4 mln. manat, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üzrə 41,7 mln. manat, "Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti" Publik Hüquqi Şəxs üzrə 274,0 mln. manat, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi üzrə 49,0 mln. manat, “Azərişıq” ASC üzrə 8,8 mln. manat, Elm və Təhsil Nazirliyi üzrə 0,7 mln. manat debitor borcu yaranıb.

Həmçinin bildirilib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılmış vəsaitlərdən əhəmiyyətli məbləğlərdə vəsait layihələrin sifarişçilərinin və ya sifarişçi funksiyasını həvalə etdiyi tabeli qurumların hesablaşma hesablarında saxlanılması büdcə ilində nəzərdə tutulmuş vəsaitin tam icrasına səbəb olub. Hesabat ilinin sonuna 5 sifarişçi üzrə ümumilikdə 280,2 mln. manat vəsait layihələrin icrası üzrə öhdəliklərin icrasına yönəldilməyərək hesablaşma hesablarında saxlanılıb. O cümlədən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üzrə 16,0 mln. manat, "Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti" Publik Hüquqi Şəxs üzrə 92,1 mln. manat, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi üzrə 130,1 mln. manat, Səhiyyə Nazirliyi üzrə 32,2mln. manat, “Melorasiya və Su Təsərrüfatı” ASC üzrə 7,9 mln. manat və Azərbaycan Dəmir Yolları QSC üzrə 1,9 mln. manat təşkil edib.

Fuad Mədətov
Fins.az