QARABAĞ

27 Dekabr

Ağdamda salınacaq yeni yaşayış komplekslərində ümumilikdə 1115 mənzil olacaq

Ağdamda 4-cü yaşayış kompleksi 14 hektara yaxın ərazidə salınacaq.

Fins.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu kompleksdə tikiləcək yaşayış binalarında ümumi sahəsi 137 min kvadratmetr təşkil edən 1080 mənzil olacaq:

"Kompleksdə 36 birotaqlı, 363 ikiotaqlı, 484 üçotaqlı, 197 dördotaqlı mənzil olacaq. Bundan əlavə, ərazisinin böyük bir hissəsini yaşıllıq zonası təşkil edəcək 5-ci yaşayış kompleksi 12 hektar ərazidə salınacaq.

Bu kompleksdə tikiləcək yaşayış binalarında ümumilikdə 1115 mənzil olacaq. Mənzillərdən 25-i birotaqlı, 314-ü ikiotaqlı, 552-si üçotaqlı, 224-ü dördotaqlı olacaq".

B.Hacıyev onu da qeyd edib ki, yaşayış komplekslərində idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulub:

"Bütün binalar daimi su, elektrik enerjisi və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii inşaat materiallarından istifadə ediləcək".

Fuad Mədətov
Fins.az