Döl dövründə təsərrüfatda 33 baş buzov (mamalak) doğulub.
Fins.az xəbər verir ki, Laçın rayonunun yüksək dağlıq ərazilərində pilot layihə çərçivəsində yaradılmış yak təsərrüfatında döl prosesi başa çatıb. Döl dövründə təsərrüfatda 33 baş buzov doğulub və tanınma nişanı ilə identikləşdirilib. Təsərrüfatdakı yakların və yeni doğulmuş buzovların yerli şəraitə adaptasiya prosesi davam edir.
Havanın temperaturu 20 dərəcədən yuxarı olmayan açıq ərazilərdə bəslənən yakların yerli şəraitə sürətlə uyğunlaşdığı müşahidə olunur. Baytar həkimləri yakları və yeni doğulmuş buzovları daim müayinə edir, onların çəki artımı, böyümə sürəti, iqlim dəyişiklikləri zamanı davranışları ilə bağlı qeydiyyat aparırlar.
Təsərrüfatda baytarlıq-sanitariya tədbirlərinin aparılması üçün təlim keçmiş mütəxəssislər daimi müşahidələr nəticəsində yakların yerli şəraitə sürətlə uyğunlaşdığını bildirirlər. Otlaqlarda il ərzində daimi yem ehtiyatının olması, keyfiyyətli su mənbələrinin çoxluğu yakların, xüsusilə də yeni doğulmuş buzovların adaptasiya prosesini sürətlə keçməsində mühüm rol oynayır.
Qeyd edək ki, yaklar Tibet dağları, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Monqolustan, Əfqanıstan, Pakistan, Çin və digər ölkələrin yüksək dağlıq bölgələrində yetişdirilir. Keçmiş Sovet İttifaqında yaklar Şimali Qafqaz, xüsusilə Kabardino-Balkar, Qaraçay-Çerkesiya, Dağıstan, Çeçen-İnquşetiya və Şimali Osetiya kimi ərazilərdə yetişdirilmiş və onların yerli şəraitə adaptasiyası qeyd edilmişdir.
Yak heyvan növünün əsas xüsusiyyətlərindən biri xüsusi yem rasionu olmadan təbii otlaq sahəsində yetişdirilməsidir. Örüş-otlaq sahələrində olan bitkilərlə qidalanan yaklar yemə az tələbkardır.
Yakların qoxu bilmə hissləri digər heyvanlardan fərqli olaraq daha yaxşı inkişaf edib. Bu səbəbdən yaklar qar altında olan (10-20 sm) bitkiləri hiss etməklə onları çox asanlıqla mənimsəyir. 25 ilə qədər yaşaya bilən yakların südünün yağlılığı 9 faizdir. Ət çıxımına və keyfiyyətinə görə bu heyvanların yetişdirilməsi iqtisadi cəhətdən səmərəli hesab edilir.
Qeyd edək ki, ötən ilin dekabrında Azərbaycanda ətlik istiqamət üzrə ixtisaslaşmış təsərrüfatın yaradılması üçün Qırğızıstandan 100 baş yak növlü iribuynuzlu heyvan gətirilib.