QARABAĞ

31 Mart

Mil - Qarabağ və Aşağı Şirvan ərazilərində kollektorlar təmizlənir - FOTO

Mil-Qarabağ və Aşağı Şirvan kollektorlarında işlər mövsümə uyğun olaraq sürətlə davam edir.

Bu barədə Fins.az-a açıqlamasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, görülən işlərin əsas məqsədi kollektor sistemlərini lildən və duzdan təmizləmək, şoranlaşmanın qarşısını almaqla torpaqların münbitliyini artırmaqdır. Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi ötən il olduğu kimi bu ildə meliorativ tədbirlərini davam etdirir. Hazırda balansda olan kollektor-drenaj sistemləri lildən təmizlənir, nasosstansiyalarda təmir-bərpa işləri aparılır.

O, İdarə tərəfindən 2022-ci ildə mexanizmlərlə 1 milyon 180 min kubmetr lildən təmizləmə işləri həyata keçirildiyini, 25 ədəd hidrotexniki qurğuda cari təmir işləri aparıldığını, ötən il nasos stansiyalar vasitəsilə 1 milyon 110 min kubmetr su vurulduğunu və axıdılan duzun miqdarı isə 688 min ton olduğunu vurğulayıb:

"Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi tərəfindən görülən işlər nəticəsində uzun illər əkin üçün istifadəyə yararsız torpaqlarda yenidən taxıl, qarğıdalı, bostan-tərəvəz və digər bitkilərin əkilməsinə başlanılıb. Bu isə kənd təsərrüfatının inkişafına töhfə verməklə yanaşı, ərazidə yaşayan kənd əhalisinin məşğulluğunun artmasına  səbəb olur."

D.Şərifov onu da əlavə edib kiMil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi Respublikanın 6 rayonuna xidmət edir. İdarənin balansında 4889 km uzunluğunda kollektor-drenaj şəbəkəsi mövcuddur. Bu kollektorlar vasitəsilə 173000 hektardan artıq  meliorasiya olunmuş sahəyə xidmət olunur.