Azərbaycan Respublikasının Prezidenti tərəfindən “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il 10 dekabr tarixli Sərəncam imzalanıb. Sərəncamın icrası ilə bağlı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
Fins.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, qanunvericiliyə edilmiş dəyişikliklə həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlar ödədikləri məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsi hesabına subsidiya vasitəsilə geri ala biləcəklər. Dəyişikliyə əsasən, rüb ərzində sığortaedənin vəsaiti hesabına muzdlu işdən gəlir əldə edilən sığortaolunanların xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları 10 il müddətində dövlət büdcəsindən subsidiyalaşdırılacaq. Subsidiyalaşdırma prosesi mərhələli şəkildə həyata keçiriləcək. İşğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərən işəgötürənlər tərəfindən işçilər üçün ödənilən sosial sığorta haqları 2026-cı ilədək tam olaraq dövlət tərəfindən subsidiyalaşdırılacaq. 2026-cı ildən başlayaraq 3 il ərzində subsidiya faizi 80 faiz, sonrakı 2 ildə 60 faiz, daha sonra isə 40 faiz təşkil edəcək.
Dəyişikliyin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şəraitin yaradılması, sığortaedənlərin xərclərinin minimum səviyyəyə endirilməsidir.
Subsidiyalaşdırma dövlət və neft-qaz sahəsində, həmçinin qeyri-dövlət sektorunda maliyyə və avtonəqliyyat vasitələri ilə yükdaşıma fəaliyyəti göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılara şamil edilmir.