"Zəfər yolu Füzuli ilə Şuşa arasında nəqliyyat əlaqəsi yaradacaq. Yolun ümumi uzunluğu 101 km təşkil edir".
Fins.az-ın məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssisi Fərid Yusubov bildirib. Onun sözlərinə görə, yol, 2-ci texniki dərəcəyə uyğun olaraq tikilir:
"Burada hərəkət hissəsi 2 zolaqdan ibarət olaraq 7 metr, torpaq yatağının eni isə 11-12 m arası dəyişir. Yol üzərində 168 ədəd ümumi uzunluğu 3864 m təşkil edən müxtəlif diametrli suötürücü borular quraşdırmışıq. Bundan əlavə, yeraltı keçidlər də quraşdırılıb. Eyni zamanda, 4 ədəd körpünün tikintisi aparılır və yekunlaşmaq üzrədir. Bunların da ümumi uzunluğu 351 m təşkil edir. Yol boyu dağlıq ərazidən keçən hissələrdə 11 yerdə 1423 m uzunluğunda istinad divarları tikilir ki, bu da gələcəkdə yolda təhlükəsizliyi təmin edəcək".
F.Yusubov deyib ki, yolda torpaq yatağı demək olar ki, tamamilə başa çatıb: "Hazırda yolun əvvəlindən 0-20-ci km hissəsində asfalt beton döşənilib. Burada dayandığımız yer 40-cı km-dir. Artıq 40-45-ci km hissədə də asfalt beton döşənib. Yolun sentyabrdan tam istifadəyə verilməsi nəzərdə tutulur".
© APA