QARABAĞ

30 İyul

Əlaqələndirmə Qərargahının nümayəndələri Zəfər Yolunun tikintisinə baxış keçiriblər

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə, Şəhərsalma məsələləri və Elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qruplarının Füzuliyə səfəri davam edir.

Füzuli şəhərinin ərazi planlaşdırma sənədlərinin hazırlanması ilə bağlı kiçik təqdimatı edilib, eyni zamanda
Zəfər Yolunun tikintisinə baxış keçirilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov bildirib ki, Füzuli şəhərinin Baş planı, eyni zamanda mühəndis kommunikasiyaları, dəmir yolu, avtomobil yolu, elektrik təchizatı ilə bağlı məsələlər aidiyyəti qurumlarla müzakirə olunur. Eyni zamanda, inşası nəzərdə tutulan obyektlər barədə fikir mübadiləsi aparılır.

O deyib ki, ilk yaşayış məntəqəsinin, işğal muzeyinin harada olacağı, məktəb, peşə məktəbi, şəhər parkı, xəstəxananın yerləşəcəyi ərazilər də müzakirə olunur.

Qeyd edək ki, daha sonra səfər iştirakçılarının Şuşaya və Hadruta da səfərləri nəzərdə tutulub.