QARABAĞ

27 İyul

Azərbaycan Serbiyanı azad edilmiş ərazilərin bərpasında fəal iştirak etməyə çağırıb

"İki ölkənin dövlət başçılarının səyləri, imzaladıqları mühüm sənədlər nəticəsində Azərbaycan-Serbiya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir, əməkdaşlıq gündəliyi getdikcə genişlənir".

Bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sadil Babayev Bakıda keçirilən Azərbaycan-Serbiya Biznes Forumunun bağlanış mərasimində deyib.

Onun sözlərinə görə, iki ölkənin ticarət dövriyyəsində ötən il 6,3%, bu ilin yanvar-may aylarında 55,4% artım olub.

Nazir əməkdaşlığın daha geniş miqyas alması üçün böyük potensialın mövcud olduğunu vurğulayıb. S. Babayev bu potensiala uyğun olaraq və qarşılıqlı səylər nəticəsində əlaqələrin qarşıdakı dövrdə daha da inkişaf edəcəyinə əminliyini bildirib. O,Hökumətlərarası Komissiyanın bu gün keçirilmiş 6-cı iclasının, iclasın yekunlarına dair imzalanmış Protokolun da qeyd edilən istiqamətdə mühüm töhfə vermək məqsədi daşıdığını bildirib.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qələbəsini, ərazilərimizin Ermənistanın işğalından azad edildiyini xatırladan S.Babayev qeyd edib ki, Ermənistan tərəfindən dağıdılmış həmin ərazilərdə aparılan quruculuq işlərində dost ölkələrin iştirakı bu gün ölkəmiz üçün prioritet önəm kəsb edir. Nazir Serbiya şirkətlərinin də bu prosesə fəal şəkildə qatılacağına ümidvar olduğunu bildirib. O, Azərbaycanda əlverişli biznes mühitinin mövcud olduğunu qeyd edib. Ölkəmizdə dayanıqlı iqtisadi inkişafın təmin olunması, qeyri-neft sektorunun genişlənməsi istiqamətində əldə olunan irəliləyişləri diqqətə çatdırıb. Yaradılmaqda olan Ələt Azad İqtisadi Zonasının da qeyri-neft sektoru üzrə investorlar üçün cəlbedici olacağını deyib.

S.Babayev iki ölkənin iş adamları arasında biznes forumların, bu görüşlərdə qarşılıqlı maraq doğuran təqdimatların əlaqələrin daha da genişlənməsi, yeni əməkdaşlıq istiqamətlərinin formalaşması baxımından xüsusi önəm kəsb etdiyini vurğulayıb.

Serbiya tərəfindən həmsədr, xarici işlər naziri Nikola Selakoviç ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini və ikitərəfli əməkdaşlığın genişlənməkdə olduğunu, bu prosesdə iş adamlarının da fəal rola malik olduqlarını deyib. O, keçirilən belə görüşlərin işgüzar əməkdaşlıq üçün mövcud imkanları müzakirə etməyə, faydalı nəticələrə imkan yaratdığını bildirib.

Serbiya şirkətlərinin nümayəndələri ilə gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadilələri aparılıb.