QARABAĞ

23 İyul

Azərbaycan Prezidenti: Bu gün Ermənistanın siyasi gündəliyini biz formalaşdırırıq

Bu gün Ermənistanın siyasi gündəliyini müəyyən dərəcədə, deyə bilmərəm hələ ki, böyük dərəcədə, amma müəyyən dərəcədə biz formalaşdırırıq və bu, həqiqətdir.

Fins.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Ermənistan bizim gündəliyimizin 0,1 faizini də formalaşdıra bilməz, amma biz Ermənistanın müəyyən siyasi gündəliyini formalaşdırırıq və getdikcə bizim imkanlarımız daha da genişlənəcək. Biz siyasi leksikona “Zəngəzur dəhlizi” sözünü daxil etmişik. Nəinki regionun, dünyanın aparıcı kütləvi informasiya vasitələri Zəngəzur dəhlizi haqqında danışırlar, yazırlar. Nə üçün? Biz bunu daxil etmişik, müntəzəm səylərlə, artıq bu reallıqdır. Biz Ermənistana gündəlik göndərmişik - sülh müqaviləsi. Qoy desin ki, istəmir, qoy desin ki, imtina edir. Mən bunu dəfələrlə demişəm, deyirəm: Biz hazırıq, danışıqlara başlayaq. Müharibə qurtarıb? Qurtarıb. Sülh istəyirsən, Ermənistan? İstəyirsən elə bil ki. Onda nə üçün sülh müqaviləsi imzalanmasın? Tanı bizim ərazi bütövlüyümüzü, sülh müqaviləsi imzalansın, sərhədlərin delimitasiyası həll olunsun. Bu məsələ ilə bağlı, baxın, bizim gündəliyimiz Avropa İttifaqının gündəliyi ilə, Türkiyənin, Rusiyanın gündəliyi ilə vəhdət təşkil edir. Onlar da deyirlər ki, delimitasiya üzrə iş aparılmalıdır, biz də deyirik. Ermənistan nə deyir? Deyir ki, yox, qoy, Azərbaycan bizim torpaqlarımızdan çıxsın. Biz öz torpağımızdayıq. Biz yeni reallıq yaratmışıq, təkcə Qarabağ zonasında yox. Yeni gündəliyi formalaşdıraraq artıq status məsələsi də qaldı kənarda, Dağlıq Qarabağ sözü də işlədilmir. Buna nail olmaq lazım idi. Özü-özünə yaranan məsələlər deyil, göydəndüşmə deyil. Nəyə görə? Cəsarət, qətiyyət, düzgün addımlar, hücum siyasətimiz. Əvvəllər mən deyirdim hücum diplomatiyası, o yerindədir, amma indi bütünlükdə hücum siyasətimiz. Budur və Ermənistan bununla hesablaşmalıdır, yeni reallıqları qəbul etməlidir - istəsə də, istəməsə də. Heç vaxt unutmamalıdır ki, dəmir yumruq yerindədir".