“İşğaldan azad edilmiş ərazilərdə dini ibadət yerlərinin bərpası istiqamətində ciddi tədbirlər həyata keçirilir”.
Fins.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, prezident İlham Əliyev bununla bağlı Şuşada çıxışı zamanı fikirlər səsləndirib: “O qeyd edib ki, təmir işləri həyata keçiriləcək. İşğalçı ermənilər azad edilən ərazilərdə olan bütün dini abidələri demək olar ki, dağıdıblar. 67 məsciddən cəmi 1 məscid qalıb, onu da erməniləşdirməyə çalışıblar. Digər məscidlər yarımdağılmış vəziyyətdə olub və ya tamamilə məhv edilib”.
Komitə sədri qeyd edib ki, işğaldan azad olunan ərazilərdə olan provaslav kilsələr də ya dağıdılıb, ya da erməniləşdirilməyə çalışılıb: “Həmin ərazilərdə İslama aid olan dini abidələr içərisində məscidlərin bərpası istiqamətində artıq işlərə başlanılıb. O cümlədən, Qafqaz Albaniyasına aid olan dini məbədlərə Alban Dini İcmasının səfərləri təşkil edilir. Həmin kilsələrin də bərpası istiqamətində addımlar atılır. Bu işlər müvafiq dövlət qurumları tərəfindən həyata keçirilir. Ümid edirəm ki, işğaldan azad edilən ərazilərdə aparılan abadlıq-quruculuq işləri çərçivəsində bu işlər də yaxın zamanda tam şəkildə həll olunacaq".