"İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk".
Fins.az xəbər verir ki, bu sözləri Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarla çıxış edərkən deyib.
Dövlət başçısı deyib:
"Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir.
Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlığımız, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Enerji təhlükəsizliyinin, Cənub Qaz Dəhlizinin önəmi Türkiyə, Azərbaycan və Avropa üçün göstərilir və hər bir məsələ çox böyük önəm daşıyır. Mən onların arasında iki məsələni xüsusilə qeyd etmək istərdim. Birincisi, müdafiə sahəsində əməkdaşlıq, iş birliyi məsələsi. Müdafiə sənayesi sahəsində və qarşılıqlı hərbi yardım məsələləri bu Bəyannamədə öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq.
İkinci önəmli məsələ nəqliyyat məsələsidir. Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır".