Qarabağdan məcburi köçkün düşmüş Azərbaycan əhalisinin 70%-ə qədəri azad edilmiş ərazilərə qayıdacaq.
Fins.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib.
“İnsanların əksəriyyəti öz doğma torpaqlarına qayıdacaq. Düşünürəm ki, bu, 750 min məcburi köçkünün 60-70%-dən çox olacaq”, - deyə Rzayev Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bütün bu müddət ərzində biz onların doğma torpaqlarına qayıtmağa can atdığını gördük.
Rzayev vurğulayıb ki, Azərbaycanın mövcud qanunvericiliyinə əsasən, dövlət məcburi köçkünlərin öz doğma yerlərinə qayıtmasına imkan yaratmalı, onlara layiqli həyat verməlidir. “Yəni burada onların özlərinin və övladlarının taleyini yenidən qura bilmələri üçün yaxşı mənzil, yaxşı işlə təminat nəzərdə tutulur”, - deyə o qeyd edib.
Dövlət Komitəsinin rəhbəri vurğulayıb ki, məcburi köçkünlərin Qarabağa qayıtması üçün azad edilmiş ərazilər minalardan təmizlənməlidir. “Ermənistanla Azərbaycan arasında müharibədən sonra bilirik ki, bütün bu ərazilər minalanıb. Minalanmış sahələr təmizlənməlidir. İkincisi, infrastruktur yenidən yaradılmalıdır, yəni rayonlara qaz, işıq, su, yollar çəkilməli, habelə müasir kənd və şəhərlər inşa edilməldir. Bununla paralel olaraq biz köçkünlərlə birbaşa işləyirik, bütün siyahılara yenidən baxılır, hansı ailənin harada və nə qədər böyüməsi, nə ilə məşğul olması, rayonlara qayıtdıqdan sonra nə ilə məşğul olmaq istəməsi, onların 30 ilə yaxın dövr ərzində məcburi köçkün statusunda hansı təhsil və bacarıqlar əldə etmələri ilə bağlı məsələlər dəqiqləşdirilir”, - deyə o qeyd edib.
Rzayev əlavə edib ki, mütəxəssislərin fikrincə, Qarabağın minalardan təmizlənməsi 5-10 illik müddəti əhatə edə bilər. (İnterfaks)