QARABAĞ

24 May

Azərbaycanda ötən il müdafiə və milli təhlükəsizliyə xərclənmiş vəsait məlum olub

Ötən il Azərbaycanın müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə dövlət büdcəsindən nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu xərclərindən və ehtiyat fondlarından ayrılmış 670,3 milyon manat vəsait də nəzərə alınmaqla, müdafiə və milli təhlükəsizlik xərclərinə dövlət büdcəsi xərclərinin 16,8%-i qədər və yaxud 4 425,4 milyon manat vəsait yönəldilib. Bu da 2019-cu illə müqayisədə 1 063,8 milyon manat və yaxud 31,6% çoxdur.

Bu barədə Azərbaycan Respublikasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilib.

Sənəddə həmçinin deyilir ki, büdcədən müdafiə xərclərinə əlavə ayrılmış vəsait hesabına yeni hərbi texnikanın alınması, ön cəbhəyə ezam olunmuş hərbi qulluqçuların və səfərbərliklə hərbi xidmətə çağrılmış zabit və gizir vəzifələrinə təyin edilmiş heyətin əlavə pul təminatı, Silahlı Qüvvələrə səfərbərliklə çağrılmış əsgər vəzifələrinə təyin edilmiş heyətə xidmət etdiyi müddətdə aylıq vəzifə maaşı və ona müəyyən edilmiş aylıq əlavənin ödənilməsi qarşılanıb.

Sənəd yaxın günlərdə Milli Məclisin plenar iclasında I oxunuşda müzakirəyə çıxarılacaq.

© Report