Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilməli olan mühüm tədbirlərdən biri də bələdiyyələrin formalaşdırılmasıdır.
Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, işğaldan azad edilmiş ərazilər minalardan təmizləndikdən sonra hər bir kəndin, yaşayış məntəqəsinin əraziləri müəyyən olunacaq:
“Ərazilər müəyyən edilib vətəndaşlar ora köçürüldükdən sonra onların təşəbbüsü ilə bələdiyyələr yaradılmalıdır. Qanunvericilik imkan verir ki, hər bir yaşayış məntəqəsində bələdiyyələr yaradılsın. Mən də işğaldan azad edilmiş ərazilərdə bələdiyyələrin yaradılmasının tərəfdarıyam. Çünki işğaldan azad olunmuş ərazilərimizdə bələdiyyələrin formalaşması, sürətli məskunlaşmanın və torpaq islahatı prosesinin həyata keçirilməsi, yeni ərazi vahidlərinin yaradılması, bu ərazilərdə yerli idarəetmənin səmərəli fəaliyyəti vacib əhəmiyyət kəsb edir”.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov da Trend-ə bildirib ki, bu məsələ müvafiq qanunvericiliklə tənzimlənəcək.
K.Bayramov vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə optimal idarəetmənin təşkili, həmin ərazilərə köçəcək vətəndaşların yerli ictimai həyatda iştirak imkanlarının təşviq edilməsi baxımından təbii ki, bələdiyyələrin yaradılması zəruri addımdır və dövlət quruculuğunun tərkib hissəsidir:
“Bu məsələ qanunla tənzimlənir və bunun mexanizmi də “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanunla müəyyən edilir. Qanuna əsasən, bələdiyyələrin yaradılması üçün ilk növbədə işğaldan azad olunmuş ərazilərdə inzibati ərazi dairələrinin, yaşayış məntəqələrinin müəyyən olunması və qeydiyyatı və s. işlər görülməlidir.
Təbii ki, bələdiyyələrin yaradılması üçün müvafiq qanun layihəsi ilə Milli Məclisə müraciət olunmalıdır və ondan sonra Milli Məclis bu və ya digər bələdiyyələrin yaradılması ilə bağlı qanun qəbul edir və artıq qanunla yaradılmış yeni bələdiyyələrin adları bələdiyyələrin siyahısına və müəyyən işlər görüldükdən sonra da Milli Məclisdə aparılan bələdiyyələrin reyestrinə daxil edilir”.
© Trend