QARABAĞ

22 Aprel

Deputat: İşğaldan azad olunmuş ərazilərin bərpası Azərbaycanla yanaşı regionun inkişafına da stimul verəcək

"Azərbaycan 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın bütün müddəalarını yerinə yetirir və regionda kommunikasiyaların açılması istiqamətində fəaliyyətini davam etdirir".

Bunu   Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

S.Məmmədov qeyd edib ki, nəqliyyat dəhlizlərinin bərpası nəinki Azərbaycan və Ermənistanın, eyni zamanda, regional proseslərin fəal iştirakçısı olan böyük dövlətlərin də maraqlarına cavab verir:

“Münaqişə artıq başa çatıb. Bu faktdır. Azərbaycan bölgədə vəziyyətin yenidən gərginləşməsində maraqlı deyil. Ermənistanda bəzi revanşist bəyanatlar səslənsə də, bu ölkənin hansısa gərginlik yaratmaq üçün heç bir real imkanı yoxdur. Buna görə də, Azərbaycan Prezidentinin də dəfələrlə vurğuladığı kimi, artıq gələcəyə baxmaq, yeni tarixi mərhələnin vəzifələrini düzgün qiymətləndirmək lazımdır. Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması bölgədə yaşayan bütün xalqların mənafeləri üçün son dərəcə vacibdir”,

Milli Məclisin deputatı Zəngəzur dəhlizinin bərpasının Azərbaycanla yanaşı Ermənistanın da iqtisadi inkişafı üçün vacib olduğunu deyib. Bildirib ki, iqtisadi və siyasi əlaqələrin qurulması, tərəflər arasında sülh sazişinin imzalanması üçün kommunikasiyaların bərpası ən mühüm şərtlərdən biridir.

“Tarixi təcrübə göstərir ki, bir çox hallarda münaqişələrin başa çatmasında, davamlı sülh formulunun tapılmasında iqtisadi maraqlar həlledici rol oynayır. Hesab edirəm ki, kommunikasiyaların açılmasından və iqtisadi münasibətlərin bərpasından sonra Ermənistan cəmiyyətində münaqişənin bu ölkəyə vurduğu ziyanın miqyası daha aydın dərk ediləcək. 30 illik işğalın erməni xalqına hansı zərər vurduğu barədə daha dəqiq təsəvvür yaranacaq”.

Soltan Məmmədov işğaldan azad olunmuş ərazilərin bərpasının Azərbaycanla yanaşı regionun iqtisadi inkişafına da stimul verəcəyini bildirib. Qeyd edib ki, Ermənistanın xarabalığa çevirdiyi bu ərazilərin təbii sərvətləri, iqtisadi resurslarının səmərəli istifadəsi Azərbaycanın inkişafına mühüm töhfələr verə bilər. Bu ərazilərdə həyata keçiriləcək quruculuq işləri tikinti sektorunun canlanmasına səbəb olacaq. Eyni zamanda, kənd təsərrüfatının inkişafına, Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payının daha da böyüməsinə stimul yaranacaq.

© Report