Hazırda dünyanın diqqət mərkəzinə çevrilən Azərbaycan siyasi, hərbi gücünü hətta maliyyə durumunu belə dost və düşmən ölkələrə nümayiş etdirdi. İkinci Qarabağ savaşının üzərindən qısa zaman keçməsinə baxmayaraq, bir çox sahələrdə əməkdaşlıq etmək istəyənlər, müttəfiq olmaq üçün səy göstərənlər durmadan artır. Çünki, həm siyasi müstəvidə, həm də döyüş meydanında Azərbaycan sözün əsl mənasında qarşı tərəfə meydan oxudu. Rəsmi Bakı keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini illərdir danışıqlar yolu ilə həll etməyə çalışsa da düşmən bu məsələdə ciddi mövqe nümayiş etdirmədi və bununla da Azərbaycan torpaqlarını hərbi güclə geri almağa müvəffəq oldu. Həmçinin, Ermənistanın hərbi-siyasi rəhbərliyinin davranışı, təxribat xarakterli çıxışları, addımları bizi və beynəlxalq ictimaiyyəti münaqişənin sülh yolu ilə həllinin mümkün olmadığına əmin etdi.
Ermənistanın baş nazirinin 05 avqust 2019-cu il tarixdə Azərbaycanın əzəli və tarixi torpağı olan Xankəndidə təşkil olunmuş tədbirdəki çıxışında “Qarabağ-Ermənistandır və nöqtə” sözlərini deməsi danışıqlar prosesinin bir daha əhəmiyyətsiz olduğunu sübut etdi. Halbuki bu məsələ ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin yüksək vəzifəli rəsmi nümayəndələri daim münaqişənin hərbi həllinin olmadığını bildirirdilər. Lakin reallıq göz önündə idi, münaqişənin sülh yolu ilə həlli absurd görünürdü. Çünki 30 il ərzində düşmən hər vəchlə və müxtəlif bəhanələrlə münaqişənin sülh yolu ilə danışıqlar çərçivəsində həll olunmasına maneə yaradırdı.
Nəhayət, sentyabr 27-də Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdən yaşayış məntəqələrimizi iri çaplı silahlardan və ağır artilleriyadan atəşə tutmalarına cavab olaraq, müzəffər ordumuz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatlarına başladı və nəticədə yağı düşmənin işğalı altında saxladığı rayonlarımız və yaşayış məntəqələrimiz azad olundu. Azad olunmuş rayon mərkəzlərinin, kəndlərin və digər yaşayış məntəqələrimizin erməni vəhşiliyinə məruz qalması aydın şəkildə müşahidə edilir. Ermənilər qanunsuz olaraq işğal altında saxladıqları torpaqlarımızda nəinki daşı daş üstünə qoyub, əksinə Azərbaycanın həmin yaşayış məntəqələrində işğaldan əvvəl mövcud olmuş bütün yaşayış obyektlərini, infrastrukturu, dini və mədəni abidələrimizi talan etmişlər. Ermənilər müsəlman ölkəsi olan Azərbaycanın məscidlərini dağıtmaqla, mal və donuz tövləsinə çevirməklə nəinki Azərbaycan xalqını, o cümlədən bütün müsəlman ölkələrini təhqir ediblər.
Qalib ölkəmiz uzun illər bir sıra qeyri-hökumət təşkilatlarının, bəzi hökumətlərin qərəzli və ikili siyasətinə qarşı mübarizə aparmağa məcbur olub. Mövqelərini demokratik təsisatlar kimi təqdim edən həmin təşkilatlar ədalətsizliyə göz yumublar. Çünki onlar Ermənistanda müxalifətin hər gün əzilməsinə, həbs edilməsinə, öldürülməsinə reaksiya vermirlər. 30 il ərzində baş verən tarixi hadisələr bir daha göstərir ki, biz bu qələbəni təkcə Ermənistan üzərində qazanmamışıq. Düşmən ölkənin havadarları Azərbaycana qarşı mütəşəkkil və güclü şəkildə birləşərək, əzəli torpaqlarımızı əbədi işğal altında saxlamaq niyyətində idilər. Ermənistan isə havadarlarının əlində sadəcə olaraq bir alət və vasitə idi.
Bu məlum qüvvəllər Benəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, Ermənistanı məqsədyönlü olaraq pulsuz şəkildə silahlandırıblar. Uzağa getməyək, elə ötən ilin iyulunda Tovuz toqquşmasından dərhal sonra, müharibənin son gününə qədər Ermənistana gündə bir neçə təyyarə ilə pulsuz silahlar gətirilirdi. Ermənistan kimi qatı cinayətkar, əli günahsız azərbaycanlıların qanına bulaşmış dövlətə kütləvi qırğın silahlarının və raket komplekslərinin verilməsi yolverilməzdir. Belə ki, II Qarabağ Müharibəsində Ermənistan tərəfi həmin raket komplekslərindən Gəncə şəhərinə, Bərdə, Tərtər və digər rayonlarımıza atmaqla böyük dağıntılara və günahsız mülki şəxslərin həlak olmalarına səbəb oldular.
Azərbaycanda ordu quruculuğu məsələləri daim nəzarətdədir. Rəşadəti ilə düşməni və dəstəkçilərini vahiməyə salan yenilməz ordumuz bundan sonra da güclənəcək, hələ uzun illər diqqətdə mərkəzində qalacaq. Artıq digər ölkələrlə yeni müqavilələr imzalanıb, ən müasir silahlar alınır və yaxın müddət ərzində onların gətirilməsi də təmin ediləcəkdir. Müharibə, eyni zamanda, ordunun gələcək təkmilləşdirilməsi məsələlərini də üzə çıxarıb. Aparılacaq islahatlar daha çevik, daha döyüşkən və döyüş qabiliyyəti yüksək olan ordunun yaranmasına gətirib çıxaracaqdır. 44 günlük Vətən Müharibəsində parlaq qələbənin əldə olunmasında digər ordu birləşmələrimizlə yanaşı, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin xüsusi təyinatlı qüvvələrinin rolu yüksək və danılmazdır. Azərbaycan rəhbərliyi ölkəmizin ərazisində ikinci erməni dövlətinin yaradılmasına qəti imkan verməyəcəkdir. Bunun üçün müxtəlif təxribatlara əl atan düşmən və sığındığı qüvvələr də tərəfimizdən hər daim susdurulacaq. Artıq Azərbaycan dəmir yumruğunu düşmənin başına endirdi.
Füzuli rayon prokuroru
kiçik ədliyyə müşaviri
Elnur Rüstəmov