Azərbaycan Respublikasının Prezidenti tərəfindən işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun nəqliyyat və rabitə infrastrukturunun qurulması məsələlərinə həsr edilmiş iclası keçirilmişdir.
Fins.az-ın məlumatına görə, iclasda, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, İdarələrarası Mərkəzin rəhbəri Hikmət Hacıyev, Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev və aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak etmişlər.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, “Azərbaycan Hava Yolları” QSC-nin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin nümayəndələri tərəfindən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən və planlaşdırılan prioritet layihələrin, o cümlədən telekommunikasiya və poçt infrastrukturunun qurulması, Füzuli hava limanının, dəmir və avtomobil yollarının tikintisi, ərazilərin minalardan təmizlənməsi layihələrinin icrası barədə məlumatlar verildi.
İşğaldan azad olunmuş ərazilərdə quruculuq və bərpa işlərinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən əsas istiqamətlər və verilən tapşırıqlar, məskunlaşma ilə bağlı gələcək tələbat və perspektivlər, yeni çağırışlar və konsepsiyalar nəzərə alınmaqla icra edilməsi, bu məqsədlə bütün qurumlar tərəfindən görülən işlərin İdarələrarası Mərkəz vasitəsilə əlaqələndirilməklə icra edilməsinin vacibliyi vurğulanmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.