İşğaldan azad edilmiş Füzuli rayonu ərazisində beynəlxalq hava limanının yaradılması çərçivəsində minalardan təmizlənmiş ərazilərdə uçuş-enmə zolağının özülünün hazırlanması üçün torpaq yatağının çıxarılması işləri aparılıb.
Bunu jurnalistlərə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Etibar Hüseynov deyib.
Onun sözlərinə görə, yeni hava limanının inşası aerovağzal binasının, uçuş-enmə zolağın, perronun, yönəldici yolun, uçuş-enmə zolağının işıq-siqnal sistemləri, radionaviqasiya və meteoroloji avadanlıqların, transformator yarımstansiyaların. Köməkçi binalar, qurğular və xarici mühəndis kommunikasiyalarının tikintisini nəzərdə tutur.
Yeni hava limanının tikintisi çərçivəsində ilk növbədə uzunluğu 3 000 metr və eni 45 metr olan uçuş-enmə zolağının tikintisinə başlanılıb.
“İşin təşkili maksimum sürətlə dəvə edəcək. Planlaşdırırıq ki, yazın gəlişindən sonra, 24 saatlıq iş rejimi təşkil ediləcək”, - deyə E. Hüseynov bildirib.
Onun sözlərinə görə, uçuş-enmə zolağının işıq-siqnal sistemləri, eləcə də radionaviqasiya və meteorolojı avadanlıqlar ilə təchiz edilməsi üçün xarici şirkətlərlə müqavilələr bağlanılıb və bu avadanlıqlar 2021-ci ilin sonunadək Azərbaycana gətirilərək Füzuli hala limanında quraşdırılacaq.