QARABAĞ

27 Yanvar

Dövlət başçısı: Düşmən Şuşada daşı daş üstə qoymayıb, bir bina tikməyib

“Şuşa infrastruktur baxımından demək olar ki, tamamilə geridə qalmış bir şəhərdir”.

Bunu Prezident İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, düşmən orada bir daşı daş üstə qoymayıb, bir bina tikməyib.

“Özləri üçün bir neçə villa tikdirib. Villanın biri o xunta başçısına, biri isə deyilənə görə, Ermənistan rəhbərliyində təmsil olunan zəngin, rüşvətxor məmura məxsusdur. Mənfur düşmən 28 il ərzində orada ondan başqa bir dənə də bina tikməyib. Yollar bərbad, binalar dağılmış, hər tərəf xozanlıq, zir-zibil, çirkin köşklər. Olan-qalanı da dağıdıblar. Bir daşı daş üstə qoymayıblar, ancaq istismar ediblər. Bundan sonra gəlib deyirlər ki, Şuşa erməni şəhəridir, onun adını da dəyişdirməyə cəhd ediblər. Ona görə infrastruktur layihələrinin icrası, əlbəttə ki, birinci məsələdir. Bununla paralel olaraq şəhərsalma işləri düzgün aparılmalıdır. Siz bu təyinata qədər Dövlət Şəhərsalma və Arxitektura Komitəsində işləmisiniz, təcrübəniz var və əminəm ki, bu işlərə rəhbərlik edəcəksiniz.

Tarixi, dini abidələrimizin bərpası ilə bağlı konkret proqram işlənilir. Müvafiq göstərişlər verilib, Heydər Əliyev Fondu bu məsələyə fəal qoşulubdur, eyni zamanda, Mədəniyyət Nazirliyi, digər aidiyyəti qurumlar. Yaşayış fondu təftiş edilib. Yaşayış fondunun böyük hissəsi yararsız vəziyyətdədir. İşğal dövründə Şuşada təqribən maksimum 2-3 min adam yaşayırdı. Ermənilər nə qədər çalışsalar da, Şuşanı məskunlaşdıra bilməmişdilər. Halbuki xaricdən gətirilmiş erməniləri orada yerləşdirməklə hərbi cinayət törətmişlər. Bütün bu aksiyalar təbliğat xarakteri daşıyırdı. Orada yaşayanların böyük hissəsi hərbçilər və onların köməkçiləri idi. Yaşayış fondunun təftişi mütləq daha müfəssəl aparılmalıdır, - birinci təftiş aparıldı, - əlbəttə ki, ondan sonra bərpa işləri aparılacaqdır”.